11 C
Baku
Tuesday, November 19, 2024

Diqqətinizi vərdişlərə yönəldin: niyə məqsədlər vacib deyil?

Məhsuldarlıq bloqunun müəllifi olan Kris Beyli məqsəd qoyuluşunu nə ilə əvəz edə biləcəyimizdən və niyə bu metodun daha effekti olacağından danışır.

Heç vaxt özümə hədəf qoymuram. Məhsuldarlıq haqqında yazmağımı nəzərə alsaq, bəzi insanları bu təəccübləndirir. Əvvəllər bu strategiyadan tamamilə əmin deyildim: qarşıma məqsədlər qoysam, daha çox şey əldə edəcəyəm, yoxsa yox? Biznesim üçün hədəflər təyin etməliyəm, yoxsa yox? Lakin nə qədər yanaşma sınasam da, onların heç biri mükəmməl deyildi.

Bu yaxınlarda ənənəvi karyera uğurları qazanan dostlarımla danışdım. Onların heç birinin qarşısına hədəf qoymadığı məni təəccübləndirdi!

Bu, bir müddət ərzində düşündüyüm fikri bir daha təsdiqlədi: göstəricilərə əsaslanan ənənəvi məqsədləri obyektiv qiymətləndirmirlər. Əgər düşünsək, məqsədlər – kifayət qədər qəribə konsepsiyadır.

Ənənəvi hədəflər adətən xüsusi göstəricilərlə əlaqələndirilir:

– 20 kilo arıqlamaq;

– Podkast dinləyicilərinin sayını 25% artırmaq;

– İldə 100 min dollardan çox qazanmaq;

– İllik gəlirin 40%-ni pensiyaya ayırmaq.

Hədəflərimizi hərəkətlərimizin mənalı olmasını istədiyimi üçün təyin edirik, çünki bir şeyin üzərində işləmək istəyi təbiidir. Məqsədlər hərəkətlərimizi istiqamətləndirdiyimiz maqnit rolunu oynamağa başlayır. Lakin göstəricilərə əsaslanan hədəflərlə bağlı problem göz qabağındadır: onlar son nöqtə deyil, qum içindəki xətdir. Şirkətlə əməkdaşlıq etməyə başladıqda və illik gəliriniz 100 min dolları aşdıqda, növbəti addım atmağa hazır olacaqsınız. Çox vaxt hədəflər yerinə yetirildikdən sonra heç nə dəyişmir.

Məqsədlər son nöqtə, yəni nəticə çıxarma prosesi olmalıdır. Lakin ənənəvi hədəflər fərqlidirlər: biz ilkin ideyadan kənara çıxaraq, irəliləməyə davam edirik.

Bu səbəbdən məqsədlər əvəzinə layihələrə və vərdişlərə diqqət yetirməli olduğuma qərar verdim.

Layihələr diqqətinizi görkəmli bir şey yaratmağa yönəldir. Tamamlanmış layihə – bir çox əlamətdar hadisələrin zirvəsidir, işlər siyahısındakı son nailiyyətdir. Layihənin başa çatması təbii nəticədir: onu realizə etdikdən sonra digərlərinə keçə bilərsiniz. Layihə – göstərici deyil, etdiyiniz xüsusi bir şeydir.

Vərdişlər proses üzərində cəmləşir. Sizi əldə etmək istədiyiniz göstəricilərə də məhz bu proses aparır. Yemək sifariş etməmək vərdişi kilo atmağa kömək edəcək, davamlı keyfiyyətli kontent yaratmaq vərdişi daha çox pul qazanmaq imkanını verəcək və s.

Bir sözlə, hər bir layihənin son nöqtəsi var, vərdişlər isə hər zaman davam edən bir şeydir. Onların hər iksi müvəffəqiyyətin mahiyyətinə toxunur: əhəmiyyətli iş görməyə kömək edən güclü rituallar yaratmaq.

Bu yaxınlarda kəşf etdim ki, bu metod arıqlamaq cəhdimdə də özünü göstərir. Uzun müddət ərzində məqsədim 170 funta qədər arıqlamaq idi. Əlbəttə ki, əsas problem bu məqsədin göstərici şəklində olmasıdır. Proses zamanı başa düşdüm ki, vərdişlər üzərində işləmək daha effektivdir.

Xüsusilə də, aşağıdakılar üzərində:

1. Nə deyil, niyə yediyimə diqqət yetirmək. Sıxıldığım və ya əyləncə kimi istifadə etmək istədiyim üçün yemək yeməməli idim. Yemək mənə xidmət etməlidir – əksinə yox.

2. Aclıq hissini güdmək və bədənin siqnallarına müvafiq addımlar atmaq.

3. Axşam saat 8-dən sonra yemək yeməmək.

Bu üç vərdişi inkişaf etdirərkən diqqətəlayiq bir şey kəşf etdim. Başa düşdüm ki, arıqlamaq arzusuna nə qədər az diqqət ayırsam, hədəfimə bir o qədər tez çatıram.

Məqsədlər onlara meyl etmək üçün çox konkretdir. Eyni səbəbdən beşillik planların əleyhinəyəm: əgər beş il sonra nələrə nail olacağınızı dəqiq bilirsinizsə, yəqin ya həddən artıq ehtiyatlı davranırsınız, ya da karyeranızdakı riskləri nəzərə almırsınız.

Göstəricilərə nail olmağa çalışmaq əvəzinə, bütün diqqətinizi prosesə yönəldin. Adətən bu, faydalı vərdişlər üzərində işləmək deməkdir.

 

 

Son xəbərlər
Digər xəbərlər