“The Walt Disney Company” və ChatGPT-nin yaradıcısı “OpenAI” arasında lisenziya müqaviləsi imzalanıb. Bu razılaşma animasiya studiyasına “OpenAI”nin qısa videolar yaratmaq üçün nəzərdə tutulmuş generativ süni intellekt platforması “Sora” üçün kontent tərəfdaşı olmağa imkan verəcək. Bu barədə məlumat “Disney” və “OpenAI” saytlarında dərc olunub.
Müqavilənin müddəti üç il təşkil edir. “Walt Disney” “OpenAI”nin səhmlərinə 1 milyard dollar sərmayə qoyacaq və əlavə səhmlər almaq hüququna da malik olacaq. “OpenAI” bildirib ki, “Disney” “Sora” üçün ilk böyük kontent-lisenziyalaşdırma tərəfdaşı olacaq.
Razılaşmaya əsasən, neyroşəbəkə istifadəçi sorğularına cavab olaraq “Disney”in personajları ilə videolar yarada biləcək, “Disney” isə bu videoları öz platforması “Disney+” üzərindən nümayiş etdirəcək. “Disney” qeyd edir ki, “Sora” 200-dən çox animasiya personajı, maskalar, canlı varlıqlar, kostyumlar, rekvizitlər və ikonik məkanlardan istifadə edə biləcək.
İlk videoların 2026-cı ilin əvvəlində təqdim olunacağı gözlənilir. Göstərilən personajlar arasında Mikki Maus, Zoluşka, Simba, Mufasa, Lilo, Stiç və başqaları olacaq. Bununla belə, müqavilə studiya aktyorlarının xarici görünüşü və səslərinin istifadəsini əhatə etmir.
“OpenAI”nin baş direktoru Sem Altman bildirib:
“Disney — qlobal miqyasda hekayə danışma sənətinin nümunəsidir. Biz Sora və ChatGPT Images vasitəsilə yaradıcılıq imkanlarını genişləndirmək üçün əməkdaşlıq etməkdən məmnunuq”.
“Bloomberg”in məlumatına görə, “OpenAI “bir neçə ay ərzində “Sora”nın kommersiya potensialı ilə bağlı ən iri Hollivud studiyaları ilə danışıqlar aparıb. Müzakirələrdə “Disney” ilə yanaşı, “Universal Pictures” və “Warner Bros. Discovery” də iştirak edib. Lakin həmin vaxt studiyalar məlumatlarının necə istifadə olunacağı ilə bağlı narahatlıqlar səbəbindən razılaşmalar baş tutmayıb








