Nyu-Yorkun məşhur dizayneri Milton Qleyzer bizimlə bəzi faydalı məsləhətləri paylaşdı. Öyrənməyə dəyər.Onun Ten Things I Have Learned nitqi dərslik proqramlarına daxil edildi və tezliklə bütün ştatlara yayılmağa başladı.
Yalnız xoşunuza gələn insanlar ilə işləyin.
Bu qaydanı özüm üçün formalaşdırana qədər çox vaxt sərf etmişəm. Mən təzə-təzə başlayanda başqa cür, demək olar ki, bunun tam əksini düşünürdüm. Mənə elə gəlirdi ki, əsl peşəkar istənilən bir müştəri ilə işləyə bilər və əsl peşəkarlıq da elə budur. Amma illər ötdükdən sonra məlum oldu ki, ən mənalı, ən uğurlu və ən yaxşı dizaynlar məhz o sifarişçilər üçün hazırlanmışdı ki, həmin adamlar son nəticədə mənim ən yaxın dostlarıma çevrilmişdi. Belə görünür ki, bizim işimizdə simpatiya peşəkarlıqdan daha önəmlidir.
Əgər sizin seçim şansınız varsa, işə düzəlməyin.
Bir dəfə mən radioda məşhur bəstəkar və dövrünün filosofu olan Con Keycdən götürülmüş müsahibəyə qulaq asırdım. O vaxt onun 75 yaşı olardı. Aparıcı belə bir sual verdi: «Qocalığa necə hazırlaşmaq olar? ». Mən Keycin cavabını ömürlük xatırladım: «Mənim bir məsləhətim var. Heç vaxt işə getməyin. Əgər siz bütün ömrünüz boyu hər gün işə getsəniz, bir gün sizi qapı arxasında qoyub, pensiyaya göndərəcəklər. Onda siz 100% qocalığa hazır ola bilməyəcəksiniz –o sizi gözlənilmədən, qəfil yaxalayacaq. Mənə baxın, 12 yaşımdan bəri mən hər gün eyni şeyi edirəm, yuxudan duranda mən bir tikə çörəyi necə qazanacağımı düşünürəm. Həyat mən qocalandan sonra da dəyişməyib».
Xoşagəlməz insanlardan uzaq olun.
Bu, birinci qaydanın davamıdır. 60-cı illərdə Fritç Perls adlı bir terapevt işləyirdi. O belə güman edirdi ki, insanlar arasındakı bütün münasibətlər iki şeyə xidmət edir: onlar ya bir-birilərinin həyatını zəhərləməyə çalışır, ya da əksinə onu daha maraqlı və zəngin edirlər. Özü də heç də hər şey insanın özündən yox, məhz münasibətdən asılı olur. Kimlə isə ünsiyyətin sizə necə təsir etdiyini müəyyənləşdirməyin çox asan bir üsulu vardır, bilirsiniz bu üsul nədir? Bu insanla müəyyən qədər vaxt keçirin, şam edin, harasa gəzməyə çıxın, oturub bir-iki qədəh qaldırın. Bu görüşdən sonra özünüzü necə hiss etdiyinizə diqqət yetirin. Siz daha da ruhlanmısınız ya əksinə özünüzü tükənmiş, yorğun hiss edirsiniz? Onda hər şey aydın olacaq. Həmişə bunu sınaqdan keçirin.
Təcrübə kifayət deyil və ya nəyə görə yaxşı əlanın düşmənidir
Mən artıq sizə demişəm, gənclikdə məni ancaq peşəkarlıq sevdası idarə edirdi. Mən hər şeydən çox buna can atırdım.
Amma əslində təcrübə özü də daha bir məhdudiyyətdir. Əgər sizə cərrah lazımdırsa, siz yəqin ki, bu əməliyyatı dəfələrlə həyata keçirmiş bir insana müraciət edəcəksiniz. Sizə cərrah bıçağının yeni istifadə üsullarını kəşf etmiş insan lazım gəlməyəcək. Yox-yox, heç bir eksperimentə gərək yoxdur, zəhmət olmasa, bunu həmişə necə etmisinizsə və sizi qədər də necə ediblərsə, siz də elə edin. Bizim işdə isə hər şey əksinədir, yaxşı o, ustadır ki, nə özünü nə də başqalarını təkrarlamır. Yaxşı dizayner hər dəfə cərrah bıçağında başqa cür istifadə etmək istəyir, ya da ümumiyyətlə cərrah bıçağının yerinə tamamı ilə başqa bir şey istifadə etmək fikrinə düşür.
Az heç də həmişə ən yaxşı demək deyil
Biz hamımız bu ifadəni eşitmişik, «az olsun, amma yaxşı olsun». Bu tam həqiqət deyil. Gözəl səhərlərin birində mən yuxudan ayrıldım və başa düşdüm ki, bu tamamı ilə boş sözlərdir. O, bəlkə də yaxşı səslənə bilər, amma bizim sahədə bu paradoksun heç bir anlamı yoxdur. Iran xalçalarını yada salın, sizcə onlar daha kiçik ölçülü olsaydı, daha yaxşı olardı? Yəni o halda «az» daha yaxşı anlamına gələrdimi? Eyni sözləri Qaudinin işləri, ar-nuvo tərzi və çoxlu digər şeylər ilə bağlı da söyləmək olar. Ona görə də mən özüm üçün yeni bir qayda düzəltdim: hər şey lazım olduğu qədər və qədərində olduqda gözəl olur.
Stillərə arxayın olmayın
Əminəm ki, siz Pikassonun Balzakın «Misli görünməmiş şedevri» üçün yaratdığı illüstrasiyaları görmüsünüz. O, natural formadan tutmuş, abstrakt formaya qədər 12 müxtəlif tərzdə təsvir olunmuş öküz şəklini bir xətt ətrafında toplamışdır. Hal-hazırda stil -qeyri aktual anlayışdır. Ona görə də özünü tamamı ilə bir stilin əllərinə həvalə etməyə dəyməz, çünki onlardan heç biri sizə bütünlüklə sahib olmağa layiq deyil. Ötən dövrün dizaynerləri üçün bu həmişə bir problem olub, çünki zaman ötdükcə sənin öz dəsti-xəttinin və vizual lüğətinin yaranmasına gətirib çıxarır. Amma stil üzərindəki moda iqtisadi göstəricilər -yəni aza qala riyazi faktorlar ilə şərtlənir, onunla mübahisə edə bilməzsən. Bu haqda hələ Marks da yazırmış. Ona görə də hər 10 ildən bəri stilistik paradiqma dəyişir və əşyalar başqa cür görünməyə başlayır. Eyni şey həm də qrafika və şrift ilə baş verir. Əgər siz öz peşənizdə on ildən daha uzun müddətdə qalmağı planlaşdırısınızsa, onda çox tövsiyə edirəm ki, bu dəyişikliyə hazır olasınız.
Yaşam tərzi düşüncə tərzini dəyişir
Beyin-bizim vücudumuzda ən həssas orqandır. O dəyişikliyə və regenerasiyaya daha çox məruz qalır. Bir neçə il bundan öncə qəzetlərdə mükəmməl səs duyumunun axtarışı ilə bağlı balaca maraqlı məqalə dərc olunmuşdu. Məlum olduğu kimi, bu çox az rast gəlinən təzahürdür, hətta musiqiçilər arasında da. Bilmirəm necə, amma alimlər müəyyən etmişlər ki, mükəmməl səs duyumu olan insanlarda beyin quruluşu nisbətən başqa formadadır, onlarda bəzi hissələr necəsə deformasiya olunub. Bu artıq maraqlıdır. Amma daha sonra onlar bundan da maraqlı bir fakt aşkar etmişlər. Əgər dörd-beş yaşlarında uşaqları skripka çalmağı öyrətməyə başlasanız, onlardan birinin baş beyninin qabığında dəyişiklər baş verir və mükəmməl səs duyumu inkişaf edir. Mən əminəm ki, təsviri incəsənət beyinə heç də musiqi məşqlərindən daha az təsir etmir. Amma biz səs duyumu əvəzinə diqqəti inkişaf etdiririk. Təsvir edən, rəsm çəkən insan onun ətrafında baş verən hadisələrə diqqət yetirir –bu isə göründüyü qədər də asan deyil.
Şübhələr əminlikdən daha yaxşıdır
Hamı gördüyün işdə əminliyin nə qədər vacib olduğundan danışır. Mənim yoqa müəllim isə bir dəfə demişdi: «Əgər sizə elə gəlir ki, siz bəsirətə qovuşmuşunuz, demək siz sadəcə özünüzü öz çərçivələriniz arasında qapamısınız». Bu təkcə ruhsal təcrübədə deyil, həm də gündəlik işdə özünü doğruldur. Mənə görə indiyə qədər formalaşmış bütün ideoloji pozisiyalar –şübhəlidir, çünki mükəmməlik –elə daimi inkişaf deməkdir. Kimsə heç nəyin dəyişməyin mümkün olmadığını düşünəndə və vəziyyətin çarəsiz olduğuna inananda mən narahat oluram. Hər şeyi şübhə altına almaq lazımdır. Dizaynerlərdə bu problem hələ incəsənət məktəbində oxuyarkən meydana çıxır, orada bizə avanqard nəzəriyyəsini və şəxsiyyətin dünyanı dəyişməyə qadir olduğunu öyrədirlər. Hansı isə mənada bu həqiqətdir: amma əksər vaxtlarda o yaradıcı özünüqiymətləndirmə ilə bağlı problemlərə səbəb olur. Kiminləsə kommersiya əməkdaşlığına girmək- həmişə kompromis deməkdir və buna qarşı heç cürə müqavimət göstərmək olmaz. Həmişə sizin opponentin haqlı ola bilmək ehtimalını nəzərə almaq lazımdır. Bir neçə il əvvəl mən Ayris Merdokdan məhəbbətin ən yaxşı tərifini oxumuşdum: Məhəbbət – bizdən başqa kiminsə də real olmasını mürəkkəb formada dərk etməkdi. Bu çox dahiyanə fikirdir və iki insanın istənilən formada birgə mövcudluğunu təsvir edir.
Bu vacib deyil
Ötən ad günümdə mənə Rocer Rosenblattın «Gözəl qocalın» kitabını hədiyyə ediblər. Kitabın adı xoşuma gəlmədi, amma məzmun məni maraqlandırdı. Müəllif tərəfindən təklif olunan ən ilk qayda, ən yaxşısı idi. O belə səslənir: «Bu vacib deyil». Sizin nə fikirləşdiyiniz vacib deyil, bu qaydaya riayət edin və o sizin ömrünüzün üzərinə bir neçə on il də əlavə edəcək. Fərqi yoxdur, siz gecikirsiniz və ya vaxtında gəliriniz, burdasınız ya orada, bunu demisiniz ya susmusunuz, ağıllısınız ya axmaqsınız. Vacib deyil, sizin saç düzümünüz necə görünür və sizin tanışlarınız sizə necə baxır. Sizin vəzifənizi qaldıracaqlar, ya siz özünüzə yeni ev ala biləcəksiniz ya yox və ya sizə Nobel mükafatı verəcəklər ya yox- bütün bunlar vacib deyil. Budur əsl müdriklik!
Həqiqəti deyin
Bəzən mənə elə gəlir ki, dizayn –həqiqət axtarışı üçün heç də ən uyğun yer deyil. Sözsüz ki, bizim cəmiyyətdə müəyyən bir etika mövcuddur, hətta mənə elə gəlir ki, haradasa bir yerdə yazılıb da. Amma orda cəmiyyət ilə dizaynerin münasibətləri haqqında bir kəlmə də yoxdur. Deyirlər ki, SSRİ-də “buzov” etiketi adı altında satılan bütün məhsul toyuq əti imiş, o vaxtdan məni belə bir sula narahat edir, bəs onda “toyuq” adı altında satılan nə idi? Dizaynerlər heç də qəssablardan az məsuliyyət daşımır. Ona görə, onlar da insanlara “buzov” görünüşü altında nə satdıqlarına diqqətlə yanaşmalıdırlar. Həkimlər belə bir and içir: «Zərər yetirmə». Məncə dizaynerlərin də belə bir andı olmalıdır -«həqiqəti söylə».