10 C
Baku
Bazar, Dekabr 5, 2021

Dizel bahalaşsa da, tələb yüksəlir – Ölkədə istehsal həcmi 22% böyüdü

Azərbaycanda ilin bitməsinə iki ay qalmış sənaye indeksləri açıqlandı. Avtomobil yanacağına tələbin yüksəldiyi müşahidə edilməkdədir.

Banker.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqlamasına əsasən, 2021-ci ilin yanvar-oktyabr aralığında Azərbaycanda Aİ-92 benzinin istehsal həcmi 1 029.6 min ton təşkil edib, bu da illik müqayisədə 7.5% artım dinamikasıdır. 1 noyabr 2021-ci il tarixinə isə benzin ehtiyatları 44.2 min ton təşkil edib.

Ölkə iqtisadiyyat üçün hazırda önəm kəsb edən dizel yanacağının istehsalı isə daha kəskin artıb. Cari ilin ilk 10 ayında 2 062.7 min ton həcmində dizel yanacağı istehsal edilib, bu 2020-ci ilin müvafiq dövrünü 21.8% üstələyir. Hesabatın sonuna olan göstəriciyə görə, Azərbaycanda dizel yanacağının ehtiyatı 56.5 min tondur.

DSK-nin ötən günlərdə açıqlamasına görə, Azərbaycanda əhali benzin və dizelə ümumilikdə 2 milyard  78.6 milyon manat həcmində xərc çəkib. Bu illik müqayisədə 3.4% artım, pandemiyadan öncəki 2019-cu illə müqayisədə isə 37.2% artım deməkdir.

Bir faktı qeyd edək ki, ilin əvvəlində Azərbaycanda qiymətlərə nəzarət edən Tarif Şurası Aİ-92 benzinin 1litrinin qiymətini 90 qəpikdən 1 manata, dizelin isə 60 qəpikdən 80 qəpiyə qədər bahalaşdırmışdır.

Ekspertlərin fikrincə Avropada, xüsusilə Almaniyanın böyük şəhərlərində dizellə işləyən avtomobillər qadağan olunur və bu proses getdikcə daha geniş vüsət alır. Dizellə işləyən avtomobillər həmin ölkələrin bazarlarında daha ucuz qiymətlərə digər ölkələrdən olan alıcılara təklif edilir. Azərbaycan kimi ölkələrə həmin maşınların axını sürətlənir. Dizelin artımını tətikləyən əsas amil də budur. Ölkədə ictimai nəqliyyatla paralel, minik avtomobillərinində bu sıxılma ilə alışan yanacaqdan istifadəyə meyilləndirib.

 

Son xəbərlər
Oxşar xəbərlər
X