Fəxri Ağayev yazır…
Tural gələn mesaj səsinə oyandı.
Yeni sifariş gəldi. Avtomatik saata baxdı: 17:42.
Yenə tıxacda qalacaq. Bu saatlarda olan işi heç sevmirdi. 4-5 manatlıq bir işə görə uzun vaxtı boş keçirməyi sevmirdi.
Artıq avtomobildə yatmağa öyrəşmişdi və heç nəyə reaksiya vermirdi – nə tıxacda duran və səs salan nəqliyyat vasitələrinin, nə şəhərin gurultusu: onu oyadan ancaq yeni müştərinin olması haqda siqnal mesajı idi.
Hər yeni sifariş mesajlarını eşidəndə Turalın içində mübarizə başlayırdı: sifariş pul qazanmaq deməkdir, amma eyni anda o hər dəfə yeni müştəri görəndə narahat olurdu. Zarafat deyil – 6 il bankda işlədikdən sonra öz əhatəsini genişləndirməklə yanaşı,o həm də müəyyən mənada eqoya da malik idi. Hər gün işə – səliqəli bank binasına kostyum qalstukla gələn, müştərilər tərəfindən ciddi iş görən bir insan kimi qəbul edilən şəxs olmuşdu.
3 ildir taksi sürdüyünə baxmayaraq, o hələ də bu işdən utanır və ətrafından bunu gizlədirdi. “Harada işləyirsən?” sualına isə “Bir dostumun firması var, orada fırlanıram” – deyə cavab verirdi.
Ancaq evdəkilər bilirdilər ki, Tural hər gün səhər evdən taksi sürməyə çıxır.
Son 1 ildə nömrəsini tanımadığı bir neçə tanışı avtomobilə oturanda onu tanımışdı. Hər iki tərəf də təəccübünü gizlədə bilmirdi, o ilkin anlarda – “Tural sənsən?!!!” sualı qarşısında donub qalırdı. “Vaxtım olanda çıxıram benzin pulu üçün elə-belə gəzintiyə” desə də, üzündəki pərt ifadə hər şeyi göstərirdi.
Sifarişin olduğu və getmək istədiyi ünvanlara baxdı – Nərimanov metrosundan Sahil metrosuna. Dərhal istəyirdilər taksini. Avtomobili işə saldı və soyuqdan donan boynunu sağa-sola çevirdikdən sonra verilən ünvana getdi. Telefonuna zəng gəldi və gənc bir xanım “Salam, taksi sifariş etmişdim. Siz uzaqdasınız?” soruşdu.
“Yox xanım”- deyə cavab verdi Tural. “Artıq burdayam. Siz hansı binadasınız?”
Ətrafdakı yaşayış binalarına baxırdı ki, bina nömrəsini tapsın.
“Mən bankdayam. Zəhmət olmasa bankın önünə gəlin” – dedi səs.
“Kefdədir. Bu boyda devalvasiyadan, ixtisarlardan sonra hələ də bankda işləyir” – deyə ilk fikir ağlına gəldi.
Avtomobili bankın önünə sürdü və durdu. Düz 18:02-də bankdan işçilər çıxmağa başladılar.
Kimin taksini sifariş edən müştəri olduğunu bilmirdi. Bu anda hər kəsdən ayrılan orta boylu bir xanım Turalın avtomobilinə baxdı və yaxınlaşaraq, arxa oturacağa oturdu.
“Salam. Sifarişi mən etmişdim. Gedək” – deyən xanım arxaya yaslandı və əlindəki paketlərini yanına qoydu.
“Maraqlıdır, görəsən bankda hansı şöbədə işləyir? Marketinq? Müştəri xidmətləri?” – deyə düşündü və “o qədər orda işlədim, bir dəfə belə maraqlanmadım ki, bu şöbələr nə edirlər”.
Bu mövzularda özündən çox narazı idi.
Bankda 2009-cu ildə işləməyə başlamışdı. Universiteti bitirdikdən 2 ay sonra iş tapmışdı. CV göndərdi, görüşə getdi və işə alındı.
O dövrdə Azərbaycanda banklarda iş tapmaq rahat idi – iqtisad fakultəsi məzunu olmaq, xarici görünüşə diqqət etmək, normal danışıq bacarığının olması bəs edirdi. Əlbəttə ki, bütün bunları bir zəng də əvəz edə bilərdi, amma Turalın zəng edəcək day-dayısı yox idi. Universiteti yeni bitirən və əskərlikdən geri dönən 22 yaşlı bir gəncin bankda işə başlaması əla bir fürsət idi.
Qısa daxili təlimdən sonra təcrübəli bir kredit mütəxəssinin yanında bir həftəlik praktikadan və formal imtahandan sonra Tural işə başladı.
İş çox rahat idi – kredit üçün müraciət edən insanlara məlumat vermək, sənədləri toplamaq, hesabatları hazırlamaq. 09:00-18:00 arası iş saatları. Nahar 13:00-14:00. Həftədə 5 iş günü. Maaş 700 manat. Bankın tətil günləri dövlət rəsmi bayramları ilə eyni günlərdə idi. İllik tədbirlər çox gözəl və rəngli keçirdi.
Tural onunla universitetdə oxuyan və bankda işləməyən sinif yoldaşlarının karyeralarına və işlərinə baxanda çox təəccüblənirdi: “Bir insan necə həftədə 5 deyil, 6 gün işləyər? İllik tədbirlər yoxdur, məzuniyyətlər də çox qısa. Nahar da verilmir.”
Bir il bankda işlədikdən sonra kreditlə avtomobil almaq istədi və rahatca aldı. Yeni və böyük bir “Cip”. Minimum ilkin ödənişlə. Maaşının böyük hissəsi kreditə xərclənsə də, Tural rahat idi – 5 ilə krediti bitirərəm və avtomobil mənim olacaq.
2010, 2011, 2012. Eyni işlər edirdi, ətrafında eyni adamlarla ünsiyyətdə olurdu.
2012-ci ildə Turalın vəzifəsi yüksəldi – böyük bir filialda kredit mütəxəssislərinin rəhbəri təyin edilmişdi.
Maaşı artmışdı və 1100 manat olmuşdu. Bonuslarla birlikdə artıq 1500 alırdı.
25 yaşlı bir insan üçün kifayət qədər uğurlu sayılırdı – avtomobili var, yüksək maaş, stabil iş, az-çox bir vəzifə… Artıq evlənmə zamanı da gəlmişdi. Ailə qurdu.
2014-cü ilin sonunda hər şey başladı. Lənət olsun. O dönəmdə – “Cip” sürən, yüksək maaş alan bir insanın ağlına belə gəlməzdi ki, ilin sonunda hər şey anidən dəyişəcək.
İlk devalvasiya hər şeyi dəyişdi. Bir anda. Fərqli banklarda işləyən tanışları işdən çıxarılmağa başladı.
İxtisar…. Bu sözü hələ də eşidəndə içində gərginlik hiss edirdi.
Bu söz bir gün onun işlədiyi banka da gəldi çatdı. Kredit verən departamentdə ixtisarla bərabər borcların geri alınması şöbəsinin işçiləri artırıldı və onlar güclənmiş rejimdə işə başladılar.
Avtomobil krediti bitməmişdi. Evdə təmirə başlamışdı. Evləndikdə aldığı məişət əşyalarının kreditləri də üstündə idi. Bu da azmış kimi – bütün kredirlər dollara bağlanmışdı.
Və o gün gəldi. İxtisar.
Elan edildiy gün hələ də yadındadır. HR-ın otağına dəvət edilmişdi:
“Bankın vəziyyətini bilirsiniz. Sizin, Tural bəy, böyük zəhmətiniz var bankın tarixində və işlərində. Təəssüf ki, bəzən özümüz də bəyənməsək, müəyyən qərarları almaq məcburiyyətindəyik.”
Artıq anlamışdı. Bundan sonra deyilənlər əhəmiyyətli deyildi.
“Burda saxlayın zəhmət olmasa” – deyə müştəri xanım müraciət etdi. Tural 2019-cu ilə geri döndü. Reallığa. Xanım 4 manat ödəniş edəcəkdi. 5 manat uzatdı və “üstü qalsın, çox sağ olun” – dedi.
Bir manat əlavə… “Sağ olun, xanım” – söyləyərək, öz-özünə “Burdan çıxmaq üçün də 1 saat vaxtım gedəcək” – dedi.
Kefi pozulmuşdu. Hər gün bankdakı işi yadına düşürdü və özünü danlayırdı.
Sahil metrosundan bulvar tərəfə, Park Bulvara yaxın bir yerə getməyə qərar verdi. Axşam əyləncədən çıxanlar taksi çağıra bilər. Olmasa, Megafun tərəfə gedəcək və orda yaxında bir yerdə gözləyəcək.
“Mənim evimi yıxan “1000 bərəkət” sözü oldu. Rahatladım. Mənə elə gəldi ki, həmişə belə olacaq. Ayda 1500 manat maaş alırdım və bir qəpik də kənara pul qoymurdum.”
İşdən ayrılanda mənə 3 aylıq maaşımı kompensasiya olaraq ödədilər.
İşdən ayrılanda özümü dalğalı və qasırğalı bir okeanda gəmidən dənizə atılan bir insan kimi hiss edirdim – gəmi məndən uzaqlaşdıqca panika, qorxu, narahatlıq hissi artırdı.
İlk işləmədiyim gün oyananda içimdə qəribə bir boşluq vardı. Nə edim? Hara gedim? Xanımı da onun bu saatlarda evdə olmasına alışmamışdı.
İlk iki ay ərzində mənəvi və psixoloji vəziyyətində yüksəlmə və düşmələr olurdu. Bildiyi bütün banklara CV göndərmişdi və tanıdığı bütün bank rəhbərlərinə zənglər etmişdi, amma hər yerdə vəziyyət eyni idi – ixtisarlar vardı, işlər zəifləmişdi və yaxın bir ildə banklarda böyümə planları yox idi.
Kompensasiya bir ay yarım ərzində “əridi”. Son 20 gündə artıq marketdə nə isə alarkən qiymətlərə diqqət edirdi. İşləyəndə qiymətlərə baxmazdı – ürəyi istəyənləri alırdı. Digər tərəfdən, kredit onu sıxmağa başlamışdı və özünə “mənə cip lazım idi?” sualını artıq verirdi.
Tərslikdən uşaq da xəstələndi, amma artıq sığortası yox idi. Yenə də özəl xəstəxanaya getdilər – həkim qəbulu 50 manat, dərmanlar da böyük bir siyahı, 60 manatlıq yazıldı. Hər şey nə qədər bahaymış… Bu da azmış kimi, avtomobilin motorunda səs çıxmağa başladı.
Artıq işıq pulu, qaz pulu, evin istilik pulu, avtomobilin yağının dəyişməsi, uşağın pampersi kimi öncələri diqqət etmədiyi kiçik xərclər onu narahat etməyə başlamışdı.
Artıq üzünü də qırxmırdı səhərlər. Kefi heç yox idi. İş də axtarmırdı – olmayacağına da əmin idi. Evdə bir həftəlik yaşayış üçün pul qalanda panika başladı.
Nə isə etmək lazımdır. Çevrəsində özü kimi keçmiş bir neçə bank əməkdaşının artıq taksi kimi xidmət etdiyini eşitmişdi. İlk başlarda “mümkün deyil” tərzində verdiyi reaksiya bu gün artıq “hələlik başqa çarəm yoxdur” düşüncəsinə dəyişmişdir.
Bir gün səhər qərarlı oyandı. Ailə başçısıdır. Dikbaş və çox seçici davranmaq kimi bir haqqı yox idi. Bu gün axşam artıq taksi sürücüsü kimi şəhərə çıxmalı idi. Avtomobili də var. Bir neçə taksi xidməti göstərən şirkətlə əlaqə saxladı, proqramları yüklədi, depozitləri ödədi və başladı.
Bir dəfə radioda bir iş adamının müsahibəsini dinləyirdi. Adı yadında qalmayan insan dedi ki, bu gün Azərbaycanda təcrübə qədər aldadıcı bir söz yoxdur, çünki bir insan bir iş yerində 5 il işləyir, eyni işləri edir və bu müddətdən sonra özünü təcrübəli insan sayır. Amma təcrübə başqa məsələdir – daim inkişaf etdirilən, yeni biliklərlə gücləndirilən və insanı çox irəli və yüksəyə aparan məqamdır.
O gündən etibarən “niyə işsiz qaldım?” sualının cavabını daha dərindən və özündə axtarmağa başladı.
Onunla universitetdə oxuyan tələbə dostları ilə görüşəndə onların aktiv və sürətlə inkişaf etdiklərini görürdü. Bəzilərinin danışıq tərzi və düşüncə formaları belə dəyişmişdi. “Görəsən, bu adamlar necə dəyişiblər?” – deyə düşündü və növbəti həftə bir tələbə yoldaşını axşam görüşə, çay içməyə dəvət etdi.
Rasim onun tələbə yoldaşı idi. Universitetdə səssiz, sakit bir oğlan idi. Bütün tələbə yoldaşları arasında ən yaxşı karyera edən o olmuşdu – böyük ticarət firmasında satış müdiri idi. Amma Tural əmin idi ki, onun arxasında heç kim yoxdur. Rasim haqda “Əşşi, krışası var da, ona görə vəzifəyə oturdu”, – deyə fikir bildirə bilmirdi. Buna əlavə olaraq, o həm də bilirdi ki, səssiz olmasına baxmayaraq, Rasim dəmir kimi oğlan idi – əsla heç kimin önündə karyera uğrunda əyilməzdi.
İlk 15 dəqiqəlik ümumi söhbətlərdən sonra “Rasim, canım çox sıxılır. Hər şeyim yaxşı idi. Amma özüm də anlamadım ki, necə işsiz qaldım və artıq iş də tapa bilmədim. Mənə kömək et – amma iş tapma məsələsində deyil. Mənə səhvlərini de. Və mümkündürsə, sən necə yüksəldiyini mənlə paylaş”.
“Tural, əslində, səni tənqid etmək kimi bir istəyim yoxdur. İstəmərəm xətrinə dəyim. Mən sadəcə, sənə öz bəzi düşüncələrimi deyəcəm – sən onları dinlədikdən sonra böyük ehtimal, özün üçün nəticələr də çıxararsan, səhvlərini də görərsən”.
Birincisi, mən işə başladığım ilk gündən etibarən özüm üçün məqsədlər müəyyən etmişdim. “10 il sonra mən, Rasim, kiməm, hardayam, hansı biliklərim var və nələr edirəm?” kimi sualların cavablarını düşünürdüm və müəyyən etmişdim özüm üçün.
Özünə sual ver, Tural – sənin məqsədlərin varmıydı?
İkincisi, hər gün, nə olursa-olsun, mütləq şəkildə, 10 il sonrakı özüm üçün kiçik də olsa, amma addımlar atırdım – kitab və məqalələr oxuyurdum, təcrübəli insanlarla görüşürdüm və onlardan faydalanmağa çalışırdım.
Özünə sual ver, Tural – inkişaf edirdinmi hər həftə, hər ay?
Üçüncüsü, özümə rahat iş deyil, inkişaf edəcəyim iş axtarırdım. Misal üçün, mənim maaşım 1200 manat olanda eşitdim ki, şirkətimizin şöbələrindən birində bir rəhbər üçün şəxsi köməkçi axtarıllır və maaş 650 manatdır. Düşünmədən müraciət etdim və getdim o işə. Bir gündə həm maaşım azaldı, həm də işlərim artdı və gərginləşdi. Həftə sonları da işləyirdim. Amma inkişafım 2 qat atmışdı, çünki o şöbənin rəhbəri olduqca peşəkar bir adam idi.
Sərt və tələbkar insan olmasına baxmayaraq, adam işləyənə dəyər verirdi və inkişafına kömək edirdi. Onun yanında işləmək, onunla eyni havanı udmaq mənə ən bahalı universitetdən daha faydalı oldu – belə bir adamın necə iclas apardığını, insanlara hansı formada tapşırıqlar verdiyini, necə geyindiyini, necə işlədiyini və bunun kimi çox mühüm məqamların canlı şahidi olurdum.
Həftədə bir dəfə ona suallar verirdim – Novruz müəllim, bu və ya digər qərarları niyə belə verdin? O da səbirlə mənə bir-bir əsaslarını başa salırdı. Bir müddət sonra bu bizim aramızda vərdiş olmuşdu – böyük bir peşəkarın düşüncələri mənə köçürülmüşdü sanki.
Rahatlığım o anda yox idi – amma mükəmməl inkişafım vardı.
Özünə sual ver, Tural – gələcəyin üçün rahatlığını pozdunmu heç?
Dördüncü məqam – özümə yatırım edirdim. Diqqət etdim ki, şirkət insanların inkişafına yatırım edir, amma öz məqsədləri üçün. Lakin mənim öz məqsədlərim vardı və buna görə də mən öz gələcəyim üçün özüm vəsait ayırmağa başladım. Öz hesabıma təlimlərə, seminarlara gedirdim, tədbirlərdə iştirak edirdim, kitablar alırdım və öz şəxsi kitabxanamı qurdum.
Özünə sual ver, Tural – özünə yatırım edirdinmi?
Hər şey əslində bu sualların cavablarındadır. Geri qalan hər şey bəhanədir.
Tural Rasimi dinləyərkən onun hər sözü sanki bir printerlə beyninə qalın hərflərlə çap edilirdi.
Görüşdən sonra Tural sifariş qəbul etmədi artıq – avtomobili ilə dəniz kənarına, bulvara getdi və kioskda kofe aldı, orada oturacaqlardan birində oturdu.
4 sual. Heç birinin də cavabı məndə yoxdur. Mən heç bu sualları indiyə qədər düşünməmişəm belə.
Həyat, özümüzə verdiyimiz sualların cavablarındadır. əsas məsələ, doğru sualları qoymaqdır.
Məqsədlərim? Olmayıb. Nəinki olmayıb, heç düşünməmişəm belə. Mənə elə gəlirdi ki, hər şey həyatda şansa, bəxtə bağlıdır.
Peşəkar inkişaf? Heç nə etməmişəm. 5 il bankda işlədim, bir kitab belə oxumadım. Bankda təşkil edilən təlimlərə işdən kənarda zaman keçirmə imkanı kimi baxdım və heç qeydlər belə etmirdim. Bankda olan digər heç bir şöbələrin işləri ilə maraqlanmadım belə.
Rahatlıq axtarırdım. Rasim danışanda yadıma düşdü – bankda işlədiyim 2-ci ilimdə mənə bankın korporativ satış şöbəsində iş təklif etdilər. Qəbul etmədim ki, aktiv işdir və daim kənarda görüşlərə getmək lazımdır. Müdiri də deyirdilər ki, çox tələbkardır.
Və dördüncü sualın cavabı – peşə adamı olmaq… Mən heç özümə peşə seçmədim ki, peşə adamı olmaq məsələsi də olsun.
Bu gün artıq 3 ildir ki, taksi sürücüsü kimi işləyirdi. Maddi vəziyyəti bərpa etmişdi. İndi daha sadə, daha hesablı həyatı vardı. Ancaq hər gün özünə eyni sualı verirdi – niyə axı işsiz qaldım? Sualın eyni olmasına baxmayaraq, zaman keçdikcə cavabları daha dərindən fikirləşirdi.
İlk 6 ay ərzində sualın cavabı olaraq ölkəni, mühiti, bankları, rəhbərlərini günahlandırırdı – doğru sistem qurulmayıb, mənə qarşı ədalətsiz idilər, məni düşünmədilər, imkan vermədilər, şanslar təmin edilmədi.
Zaman keçdikcə isə bu suala verdiyi cavab dəyişməyə başlamışdı.
32 yaşım var.
4 il univesitetdə oxudum – hər şeyi unutmuşam. 4 ilim boşa keçib.
5 il banka işləmişəm. Heç bir faydası olmayan bir təcrübə. 5 ilim boşa keçib.
5 ildir taksidə işləyirəm. Gündəlik qazanc xaricində nə əldə etdim?
Heç nə.
“Səhv məndə idi” – deməyə başladı özünə. “Çox rahat idim. Belə davam edəcəyini düşündüm. Rahat olmuşdum – və o rahatladığım andan etibarən problemlərim başladı əslində. Bəli. Rahatlıq əslində aldadıcıdır. İnsanı sakitləşdirir, sanki isti və sakit mağara içinə salır. İllərlə o mağara içində oturursan və ətrafda baş verən hadisələr, gedişat, dəyişikliklə haqda heç məlumatın olmur. Bir gün o mağaradan çıxarılanda isə insan qalır aciz.”
“Digər səhvim isə işlədiyim banka tam güvənmək oldu. Kimsə mənə işimi soruşanda mən ona “filan bankda” işləyirəm deyirdim. Mən bank adamı olmuşdum – peşə adamı deyildim. Bank isə mənə bağlı deyildi. Peşəm də əslində, çox etibar ediləcək bir peşə deyildi – illərlə pul aldım və pul verdim. Gələcəyimi, növbəti 5 il, 10 ilimi düşünmədim. Özümə sual belə vermədim ki, mən 10 il sonra kiməm?”
Bulvarda önündə velosiped sürənlər, oynayan uşaqlar, əl-ələ tutuşaraq gəzən insanları, işıqları Tural o anda görmürdü, gözlərinin önündə rəqəmlərlə illərini görürdü.
Peşəkar həyatımı və karyeramı axarına buraxmışdım – dənizdə suda küləyin və dalğaların apardığı bir kağız parçası kimi. Məqsədsiz, gələcəyini düşünmədən, gününü rahat yaşayan bir insan…