Müəllif: Elçin Çobanov, Azfen J.V. HR Department
Çoxları yəqin “Risk etməyən şampan içməz” ifadəsini eşidib. İqtisadçılar isə daima deyir RİSK=MƏNFƏƏT. Bəs nədir bu risk? Mənfəət əldə etmək üçün hər riskə getmək olarmı? Riski sıfıra necə endirmək mümkündür? Riski idarə etmək olurmu? Bu, çoxlarını düşündürən suallardandır.
İstər işə yeni başlayan mütəxəssis ol, istər öz işinin peşəkarı, istərsə də ailə başçısı, həyatda mövqeyimizdən asılı olmayaraq hər zaman riskə getməli oluruq. Əgər riskə gediriksə ən azından riskin nə olduğunu bilməliyik.
Biznes həyatı planlılığı, dəqiqliyi, ölçüb-biçməyi xoşlayan bir sahədir. Lakin öçdüyümüz çox şeylər qeyri maddidir. Plan qururuq, gələcəyi təxmin edirik. Hər şey biz düşündüyümüz kimi olur?! Əlbəttə yox. Bəs Onda plan qurmayaq?! Əlbəttə ki, qurmalıyıq, axı plan sistemlilik gətirir, sistemsizlik isə xaos yaradır. Hətta xaos nəzəriyyəsinə belə iddia olunur ki, ilk baxışdan bizə aidiyyəti olmayan, bir-biri ilə əlaqəsiz gələn işlər arasında belə bir sistematik əlaqə var. Bəs onda gələcəyi necə təxmin edək?! Mən nə falçılığa inanmıram, nə də gələcəyi 100%-lik müəyyən etmək mümkün olduğuna.
Bir-iki halda təxminlər təsadüfən özünü doğrulda bilər. Sadəcə olaraq biz keçmişdə baş verən oxşar hallara baxaraq gələcək haqqında təxminlər edirik (proqnoz veririk). Bu proqnozlara nə qədər yaxın bir nəticə əldə etsək bizim uğurumuzdur. Lakin uğursuz da ola bilərik. Bu uğursuzluğun adı da riskdir. Risk bizim gələcəkdə baş verəcəyini gözlədiyimiz hadisələrin baş verməmə ehtimalı ilə yanaşı biz istəyən səviyyədə baş verməməsidir.
Misal üçün deyək ki, biz rayondan alma alıb şəhərdə satmaq istəyirik:
1. Yolda nə isə gözlənilməz hal baş verdi, almalar dağıldı və zay oldu. Nəticə, plan olaraq hər şey əla idi, lakin riski nəzərə almamışdıq.
2. Ya da ki, almanı gətirdik 1 manata deyil 50 qəpiyə sata bildik. Bu da riskdir, işlər istədiyimiz səviyyədə getmədi.
Deməli risk neqativ hallarla yanaşı, pozitiv halların da baş verməmə ehtimalıdır. Buradan da digər sualımızın (riski sıfıra necə endirmək olar?) cavabı ortaya çıxır. Gələcəyi 100%lik proqnozlaşdıra bilmiriksə demək ki, risk hər zaman olacaq. Günümüzdə riski hesaba qatmasaq çox ciddi ziyanlara düşə bilərik. Eyni zamanda bu riskləri düzgün ölçüb idarə etsək çox böyük mənfəətlər əldə edərik. Deməli risk problemlərlə yanaşı böyük mənfəətlər də gətirir. Qayıdaq misalımıza:
Heç kəs alma gətirməyə risk etmir, çünki müflis olmaqdan qorxur. Əgər biz hər şeyi əvvəlcədən düzgün hesablasaq (almanı ucuz qiymətdən alsaq, alternativ yolla qısa vaxtda şəhərə çatdırsaq və hər şeyi elə hesablasaq ki, hətta alma 30 qəpikdən belə satılsa qazanclı olaq) uğur bizim tərəfinizdə olacaq.
Müasir dünyada iş sahələri artdıqca, müəssisələr böyüdükcə, texnika və texnologiya inkişaf etdikcə yeni-yeni risklər yaranmışdır. Bu ayrıca elm olaraq universitetlərdə tədris olunur, bahalı seminarlar təşkil olunur və s.
Nəticə olaraq unutmayın ki:
1. Böyümə və risk bir biri ilə əlaqəli artır
2. Düzgün hesablanmış risk mənfəət deməkdir
3. Risk heç bir zaman sıfır dərəcəsinə enmir