Bu gün Doha şəhərində (Qətər) Rusiyanın energetika naziri Aleksandr Novakla Səudiyyə Ərəbistanının neft və mineral ehtiyatlar naziri Əli ibn İbrahim əl-Naimi arasında qeyri-rəsmi görüşün keçiriləcəyi gözlənilir. “Bloomberg” agentliyinə istinadən verilən xəbərə görə, görüşdə həmçinin Venesuelanın neft və dağ-mədən sənayesi naziri Euloxio del Pinonun da iştirak edəcəyi ehtimal olunur. Qeyd edək ki, Qətər bu il OPEC təşkilatına sədrlik edən ölkədir.
Yanvarın 22-də OPEC üzvü olan və bəzi digər neft hasilatçısı ölkələrin görüşünün zəruriliyi ilə bağlı məhz Venesuela tərəfi təkliflə çıxış edib. Daha sonra isə yanvarın 28-də rusiyalı nazir A.Novak Rusiyanın OPEC üzvü və digər hasilatçı ölkələrlə neftin aşağı qiymətləri və hasilatın mümkün azaldılması variantları ilə bağlı görüşə biləcəyini bildirib. Buna baxmayaraq, ilkin olaraq OPEC Rusiya ilə görüşdən imtina etsə də, daha sonra tərəflərin görüş barədə razılığa gəldiyi bildirilir.
Qeyd edək ki, görüş barədə xəbərin açıqlanması ilə “Brent” markalı neftin qiyməti fevralın 16-da 4% artaraq 33,4 dollar/bareldən 34,7 dollar/barelə yüksəlib. Fevralın 12-də isə “Brent” markalı neft 10%-ə yaxın yüksəlib.
Report