5 C
Baku
Saturday, December 14, 2024

Doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı keçiriləcək

İyunun 12-də Dövlət İmtahan Mərkəzi tərəfindən doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanları keçiriləcək.

DİM-dən verilən xəbərə görə, imtahanlarda ümumilikdə 2218 nəfər iştirak edəcək. Doktoranturaya qəbul imtahanına 1718 nəfər (1672 nəfər ingilis dili, 24 nəfər fransız dili, 22 nəfər alman dili), fəlsəfə doktoru imtahanına 491 nəfər (470 nəfər ingilis dili, 14 nəfər fransız dili, 7 nəfər alman dili) qeydiyyatdan keçib. 9 əcnəbi isə Azərbaycan dili üzrə imtahan verəcək.

İmtahanda 2 nəfər fiziki məhdudiyyətli (gözdən əlil) namizəd da iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binasında xüsusi zal ayrılıb və fərdi nəzarətçilər təyin edilib.

İmtahanlar Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahanlar saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanın müddәti 2 saat 30 dәqiqәdir. İmtahan müddәtinin ilk 1 saat 30 dәqiqәsi test tapşırıqlarının cavablandırılmasına, son 1 saatı isә yazılı tapşırığın yerinә yetirilmәsinә ayrılır. İmtahanların keçirilməsi üçün ümumilikdə 10 imtahan binası, 27 imtahan rəhbəri, 10 ümumi imtahan rəhbəri, 212 nəzarətçi-müəllim, 24 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.

İyunun 12-da keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq. Bu imtahanda iştirak etməyən şəxslər danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahanın iyunun 16-dan etibarən keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanda iştirak etməyən şəxslər də ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, imtahandan keçmiş hesab olunmayacaqlar.

Həm xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala ilə qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) yazı və danışıq blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə qəbul imtahanında minimum 25 bal, fəlsəfə doktoru imtahanında isə azı 30 bal toplamış iddiaçılar, habelə əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.

Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı bütün bloklar üzrə iyunun 13-də keçiriləcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər