ABŞ dolları yüksək neft qiymətləri, qlobal inflyasiya narahatlıqları və Avropadakı fiskal risklər fonunda dördüncü həftədir möhkəmlənir.
Banker.az “Bloomberg”ə istinadən xəbər verir ki, Bloomberg Dollar Spot Index son dörd həftədə təxminən 3% yüksəlib. Bu, 2025-ci ilin əvvəlindən bəri dolların ən uzunmüddətli həftəlik artım seriyasıdır.
Dolları dəstəkləyən əsas amillərdən biri yüksək enerji qiymətləridir. Bahalı neft enerji idxalçısı ölkələrin valyutalarına təzyiq göstərir, eyni zamanda investorları dollar kimi təhlükəsiz aktivlərə yönəldir. Avro isə Fransanın yüksək borc yükü və büdcə problemləri fonunda bu həftə 2025-ci ilin mayından bəri ən aşağı səviyyəyə düşüb.
“CIBC Capital Markets”ın valyuta strategiyası rəhbəri Sarah Ying bildirib ki, risk iştahının azalması, Avropadakı fiskal narahatlıqlar və Hörmüz boğazından enerji tədarükünün pozulması ehtimalı dolları dəstəkləməyə davam edir.
ABŞ valyutasına əlavə üstünlük verən amil FED-in digər böyük mərkəzi banklarla müqayisədə faizləri daha çox artırmaq imkanına malik olmasıdır. FED sentyabrda üç ildən sonra ilk dəfə faiz dərəcəsini yüksəldib, rəsmilər isə inflyasiyanı cilovlamaq üçün əlavə artımların lazım ola biləcəyini bildirirlər.
Bununla belə, həftənin sonunda dolların yüksəlişi bir qədər səngiyib. Neft qiymətlərinin azalması və ABŞ istiqraz gəlirliliklərinin geri çəkilməsi fonunda dollar indeksi zəifləyib. Cümə günü “Brent” nefti Yaxın Şərqdə gərginliyin azalacağına dair ümidlər fonunda təxminən 102–103 dollar ətrafına geriləyib.
Bazar iştirakçıları bundan sonra FED-in faiz siyasətini, neft qiymətlərini və Avropadakı fiskal vəziyyəti dolların istiqamətini müəyyən edən əsas amillər kimi izləyəcəklər.








