-1 C
Baku
Sunday, December 15, 2024

Dollar hegemonluğunun sonudurmu?

Çinlə rəqabət, Rusiyanın Ukraynadakı müharibəsinin nəticələri və ABŞ-nin borc tavanı ilə bağlı Vaşinqtonda növbəti mübahisə dolların dünyada dominant valyuta statusunu müzakirə mövzusuna çevirib.

Ötən il Rusiya sanksiyalara məruz qalaraq qlobal maliyyə sistemlərindən sıxışdırılıb çıxarılsa da, ABŞ-dən kənar müttəfiqlərin dollardan uzaqlaşacağına dair spekulyasiyaları gücləndirdi.

Banker.az bildirir ki, bu barədə Reuters araşdırma edib və de-dollarizasiyanın niyə baş verəcəyinə dair bəzi arqumentlər gətirir.

EHTİYAT VALYUTA KİMİ BÜDRƏMƏSİ

Beynəlxalq Valyuta Fondunun (IMF) məlumatlarına əsasən, dünyada rəsmi valyuta ehtiyatlarında dolların payı 2022-ci ilin sonuna 58%-lə 20 ilin ən aşağı səviyyəsinə düşüb.

“Eurizon SLJ Capital Limited”in baş direktoru Stiven Cen deyir ki, məzənnəyə uyğunlaşdırıldıqda dəyişmə daha qabarıqdı. “2022-ci ildə baş verənlər real olaraq dolların payında çox kəskin eniş idi”, – deyə vurğulayan S.Cen bunun Rusiyanın 2022-ci ildə Ukraynaya təcavüzündən sonra 640 milyard dollarlıq qızıl və valyuta ehtiyatlarının yarısının dondurulmasına reaksiya kimi gördüyünü əlavə edir. Bu, Səudiyyə Ərəbistanı, Çin, Hindistan və Türkiyə kimi ölkələrdə başqa valyutalara diversifikasiya haqqında yenidən düşünməyə səbəb oldu.

DAHA UZUN MÜDDƏTDƏ GÖTÜRDÜKDƏ

2022-ci ilin son rübündə mərkəzi bankların xarici ehtiyatlarında dollar payı son iki onillikdə ən aşağı səviyyəyə çatdı, lakin bu addım tədricən baş verdi və indi 1995-ci illə eyni səviyyədədir.

Mərkəzi banklar iqtisadi böhranlar zamanı valyuta məzənnələrini gücləndirmək lazım olduğu halda çətin gün üçün ehtiyatlarında dollara üstünlük verirlər. Valyuta dollara nisbətdə çox zəifləyirsə, ABŞ valyutasında satılan neft və digər mallar bahalaşır, yaşayış xərclərini və inflyasiyanı artırır.

Honkonq dollarından Panama balboasına qədər bir çox valyuta oxşar səbəblərə görə dollara nisbətdə bağlanır.

ƏMTƏƏLƏRƏ NƏZARƏTİN ZƏİFLƏMƏSİ

Qüdrətli dollar əmtəə ticarətində bir açardır və bu, Vaşinqtona imkan verir ki, Rusiya, Venesuela və İran kimi istehsalçı dövlətlərin bazara çıxışına mane olsun.

Amma ticarət dəyişir. Hindistan Rusiya neftini BƏƏ dirhəmi və rublu ilə alır. Çin təxminən 88 milyard dollar dəyərində Rusiyadan neft, kömür və metal almaq üçün yuana keçib. Çinin milli neft şirkəti CNOOC və Fransanın “TotalEnergies” ilk yuanla hesablanmış LNG ticarətini mart ayında tamamladı.

Beynəlxalq Hesablaşmalar Bankının (BHB) məlumatına görə, qlobal birjadankənar xarici valyuta əməliyyatlarında yuanın payı 15 il əvvəl demək olar ki, yox səviyyəsindən 7%-ə yüksəlib.

ÇƏTİN OLAN TƏRƏFİ

Dedollarizasiya ixracatçılar, idxalçılar, valyuta treyderləri, borc emitentləri və kreditorlardan ibarət geniş və mürəkkəb şəbəkənin müstəqil olaraq digər valyutalardan istifadə etmək qərarına gəlməsini tələb edəcək. Bu isə ağlabatan görünmür.

BHB məlumatlarına görə, dollar qlobal foreks əməliyyatlarının demək olar ki, 90%-ni təşkil edir və 2022-ci ildə təxminən 6.6 trilyon dollar təşkil edib.

BHB-yə görə, bütün ofşor borcların təxminən yarısı, eləcə də bütün qlobal ticarətin yarısı dollarla hesablanır.

Kaliforniyada yerləşən Berkeley Universitetinin iqtisadi və siyasət elmləri professoru Barri Ayxenqrin deyir ki, bu gün bankların, firmaların və hökumətlərin hamısını eyni anda davranışlarını dəyişməyə məcbur edən mexanizm yoxdur. Yəni bu gün dollardan imtina edib digərinə keçmək asan məsələ deyil.

PARÇALANMIŞ GƏLƏCƏK

Dollara alternativ kimi sürətlə böyüyən digər valyutalar çoxqütblü dünya yarada bilər. Artıq ölkələr bir və ya iki dominant ehtiyat aktiv blokunun kifayət qədər diversifikasiya edilmədiyini başa düşürlər.

İndi qlobal mərkəzi banklar korporativ borclar, daşınmaz əmlak kimi maddi aktivlər və digər valyutalar da daxil olmaqla daha geniş çeşiddə aktivlərə baxır. Proses artıq gedir və dollar qlobal sistemdə daha az istifadə olunacağı perspektivi vəd edir.

Böyük bank əmanətləri adətən sığortalanmadığından, müəssisələr nağd pul alternativi kimi az riskli dövlət istiqrazlarından istifadə edirlər. Dolların statusu, buna görə də, 23 trilyon dollarlıq ABŞ Xəzinədarlığı bazarı tərəfindən dəstəklənir – valyuta üçün təhlükəsiz sığınacaq kimi baxılır.

Bu gün istiqraz bazarının dərinliyi, likvidliyi və təhlükəsizliyi dolların aparıcı ehtiyat valyutası olmasına böyük əsasdır.

Agentlik qeyd edir ki, əmtəə istehsalçıları Çinlə yuanla ticarət etməyə razılaşa bilər, lakin hesabların açılmasında çətinliklər və tənzimləyici qeyri-müəyyənlik səbəbindən nağd pulun Çinin dövlət istiqrazlarına yatırması çətin olaraq qalır.

 

Son xəbərlər
Digər xəbərlər