Ekspertlər hesab edirlər ki, valyuta bazarında baş verən proseslər ona gətirib çıxaracaq ki, yaxın vaxtlarda valyutadəyişmə məntəqəsində (VDM) manat verib xarici valyuta alanda və ya dollar verib manat istəyəndə şəxsiyyət vəsiqəsini təqdim etmədən keçinmək olmayacaq.
Rusiyada, Ukraynada olanlar bilir ki, valyuta alıb-satanda hökmən şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlisən. Əks halda pulun əlində qalacaq. Bizdə də proseslər buna doğru gedir.
İqtisadçı Samir Əliyev deyir ki, valyutadəyişmə məntəqələrindəki liberallıq dövrü artıq başa çatmaq üzrədir. Hələ ki, valyuta mübadiləsində məhdudlaşdırma böyük həcmli pullara tətbiq edilir.
“Vəziyyət bir qədər də qəlizləşsə, bir müddətdən sonra xüsusi blank doldurmaq proseduru tətbiq edilə bilər” – S.Əliyev deyir.
Ekspertin sözlərinə görə, VDM-lərdə mübadilə olunan valyutanın hərəkətinə bir sıra hallarda nəinki Mərkəzi Bank, heç aid olduqları banklar belə nəzarət edə bilmir. Nəticədə bir sıra hallarda iri məbləğdə vəsaitlər bank sektoruna daxil olmadan birbaşa valyutadəyişmə məntəqələri vasitəsilə satılır.
Manat dollara çevrilərək ya ölkədən çıxarılır, ya da ən yaxşı halda yastıq altında “ölü kapital”a çevrilir.
Hüquqşünas Qurban Məmmədov da deyir ki, dollar harada satılır-satılsın, ancaq rəsmi sənədlə, şəxsiyyət vəsiqəsi ilə olsun. Belə olduqda manat tez bir zamanda qiymətə minəcək.
O, hesab edir ki, bu addımdan sıravi vətəndaşlar əziyyət çəkməyəcək, çünki onların onsuz da dəyişəsi pulları yoxdur.
“Dolları alıb xaricə ötürənlər rüşvətxor, korrupsioner adamlardır. Valyuta alış-verişi rəsmiləşdirilməlidir ki, dövlət kimin oğru olduğunu bilsin” – Qurban Məmmədov belə deyir.
Hüquqşünas deyir ki, mal və xidmətlərin idxal və ixracı ilə məşğul olanlara gəldikdə isə onlar bank vasitəsilə istədikləri qədər mübadilə və köçürmələr etsinlər.
Bank sektoru üzrə ekspert Əkrəm Həsənov “Azadlıq” radiosuna bildirib ki, hazırkı qaydalara görə, 5000 ABŞ dollarından artıq mübadilə zamanı şəxsiyyət vəsiqəsini təqdim etmək tələb olunur. İndi qaydanın sərtləşdirilməsini və məbləğdən asılı olmayaraq şəxsiyyət vəsiqəsinin təqdim olunmasını isətəyənlər var.
“Məntiqi baxımdan başa düşmürəm ki, bu, dollar alışını necə azalda bilər. İri oyunçular onsuz da manatını dəyişəcək. Bunun yalnız az pulu olanlara psixoloji təsiri ola bilər” – Ə.Həsənov bildirir.
Əkrəm Həsənov güman edir ki, bir çoxu qorxuya düşə bilər ki, adı haradasa “siyahıya düşəcək” və s.: “Bəlkə də növbələri bir qədər azaldacaq. Çünki 100 manatını dəyişməyə gətirənlər azalacaq. Lakin ümumi məbləğə ciddi təsiri olmayacaq”.
Qanunvericiliyə görə, banka 20000 nağd pul gətirən haqda bank Maliyyə Monitorinq Xidmətinə məlumat verməyə borcludur. Bank isə bu pulun mənbəyi haqda onun sahibinə sorğu edə bilər. Güman etmək olar ki, son bir il ərzində Mərkəzi Bankın əriyən valyuta ehtiyatlarının “hərəkət trayektoriyası” haqda bu dövlət qurumunda məlumat var.
Mərkəzi Bankın məlumatına görə, 2014-cü il noyabrın 30-dan bu il noyabrın 30-dək onun valyuta ehtiyatları 14 milyard 996, 3 milyon ABŞ dollarından 6 milyard 25,6 milyon dollara düşüb.