Bankların 50 faizinin kredit öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı problemləri var. Amma Mərkəzi Bank əsasən 4 banka dəstək verir. Ölkədə isə 37 bank var. İndi biz İnzibati Xətalar Məcəlləsində vəziifəli və hüquqi şəxslərlə bağlı müəyyən inzibati cəza tədbirləri tətbiq edirik. Bu yaxşı haldır. Amma son günlər intiharların sayı artır, iş yerlərinin sayı azalır. Elə etməliyik ki, vətəndaşları acınacaqlı vəziyyətdən çıxara bilək. Kredit borclarının qanunvericilik səviyyəsində Milli Məclisdə müzakirəyə çıxarılmasına ehtiyac var. Baxın, suyun qiyməti artdı. İndi deyirlər ki, qazın və işığın da pulu qalxacaq. Belə olan halda, indi bu pulların necə ödəniləcəyi naməlum qalacaq”.
Millət vəkili Vahid Əhmədov isə bir daha xatırladıb ki, deputat həmkarı Əli Məsimli ilə birlikdə 14 səhifəlik, 8 maddədən ibarət təkliflər paketini hazırlayıb: “Bu təkliflər paketini müvafiq instansiyalara təqdim etmişik. Bank sistemi dayanıb. Likvidlik, kredit portfeli məsələsi öz yerində qalıb. Ona görə də bu təkliflərin bank rəhbərləri ilə birgə müzakirəyə çıxarılmasına ehtiyac var”.
Millət vəkili Araz Əlizadə isə qeyd edib ki, bankların gününə ağlamaqdansa, insanların gününə ağlamaq lazımdır: “Bəs, İnsanların gününə kim ağlayacaq? Manat dollara qarşı 0,78 olanda devalvasiya oldu. Görün, banklar nə qədər faiz götürdülər. Mərkəzi Bank və digər banklar narkotik satıb ki, bu qədər gəlir əldə etdilər? Təbii ki, bu pul millətdən çıxıb”.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə öz növbəsində deyib ki, millət vəkillərinin təklifləri yaxın zamanlarda komitədə müzakirə olunacaq: “Bank rəhbərləri dəvət olunacaq. Çünki bu sektorda yaranmış vəziyyət dərindən araşdırılmalıdır”.
Qafqazinfo