Hərraclarda və eləcə də Mərkəzi Bankın rəsmi məzənnələrində manat dollara nisbətən dəyər qazansa da, valyuta bazarında ABŞ pulunun bahalaşması müşahidə edilir.
İqtisadçı Vüqar Bayramov məsələyə dair fikir bildirərkən son 10 gündə milli valyutanın rəsmi məzənnədə hər 100 dollarda 40 qəpik bahalaşdığını deyib:
“Milli valyuta bu müddətdə vayuta bazarında 3 manatdan çox ucuzlaşıb. Bu gün banklarda dolların alış kursu 1.70-ə yaxınlaşıb. Əslində, bazarda olan vəziyyət hərraclara da öz təsirini göstərməlidir. İqtisadi baxımdan, bazardan baha qiymətə dollar alan banklar hərracda daha yüksək məzənnə ilə sifariş irəli sürməlidirlər”.
Onun sözlərinə görə, dolların bahalaşması xarici valyutalara tələbin artması ilə bağlıdır:
“Bazarda tələbin yüksəlməsi mövsümi olaraq xarici səfərlərini planlaşdıran vətəndaşlarımızın xarici valyutaya tələbinin yüksəlməsi, büdcə xərcləmələrinin artması və Beynəlxalq Bankın xarici borc öhdəliklərinin restrukturizasiya planının bazara psixoloji təsirləri ilə əlaqədardır. Növbəti dövrdə məzənnənin necə dəyişməsi büdcə xərcləmələrinin, eləcə də manat bazasının səviyyəsi və nağdlaşdırmaya tətbiq edilən limitlərdən asılı olacaq”.