Amerika valyutasının bahalaşması müvəqqəti ola bilər
Rusiyanın maliyyə naziri Anton Siluanov bəyan edib ki, ABŞ dolları beynəlxalq ticarət üçün təhlükəli maliyyə alətinə çevrilib.
O, bu barədə yerli televiziya kanallarından birinə müsahibəsində danışıb.
“ABŞ dolları ilə investisiyalarımız nəzərəçarpacaq dərəcədə azaltdıq və azaltmaqda davam edəcəyik. Dolların yerinə avro və Çin yuanı kimi pul vahidlərindən istifadə edəcəyik”, – deyə o, qeyd edib və bu fikrini ABŞ-nın Rusiyaya istiqamətlənmiş embarqoları ilə əsaslandırıb.
Bununla belə, A.Siluanov deyib ki, Rusiyadakı ABŞ şirkətlərinə qarşı embarqo tətbiq edilməsi planlaşdırılmır: “Çünki bu şirkətlər Rusiya vətəndaşlarına xidmət edir”.
“Report”un analitik qrupu hesab edir ki, 2018-ci ilin sonuna qədər dünya bazarında neftin 1 barelinin qiyməti 50 dollardan aşağı düşməyəcək. Son nəticədə Rusiyada ABŞ dollarının məzənnəsi ciddi artmayacaq və bu ilin sonuna qədər RUB/USD nisbəti ən pis halda 70-ə çatacaq.
Bundan başqa, qlobal maliyyə bazarında dolların məzənnəsinin bir qədər artıqdan sonra yenidən azalacağı gözlənilir. Bu, 2018-ci ilin IV rübünə təsadüf edə və əksər ölkələrdə olduğu kimi Rusiyada da Amerika valyutası ucuzlaşa bilər.
Hazırda həm Avropa, həm də Asiya ölkələri ABŞ-ın sanksiyalarından asılı olmadan iqtisadi inkiışafın yollarını axtarırlar. Bu cəhdlər nəticə verərsə, ABŞ-nın addımları dünyada digər ölkələrin iqtisadiyyatını çökdürkən “axmaq cəhd” kimi qəbul oluna bilər. Ümumiyyətlə isə, artıq dünya ABŞ-ın iqtisadi siyasətinə qarşı yeni iqtisadi model formalaşmaqdadır və bu modelin geniş tətbiqi okeanın o tayındakı dövlət üçün acı nəticələr doğura bilər.