Dünya üzrə əsas rezerv valyutası olan dollar, Ağ Ev-in qeyri-müəyyən siyasətləri və FED-in müstəqilliyi ilə bağlı narahatlıqlar səbəbindən dalğalanmalı bir vəziyyətdədir. Başqa sözlə, dolların qiyməti tez yüksəlməsi, tez düşməsi bazarda treyderləri çaşdıra bilər.
Dolların daha da zəifləməsi gözlənilsə də, qəfil sıçrayışlar ticarətçiləri həm sürətli düşüşlər, həm də yüksəlişlərdə çaşdıra bilər. Yanvar ayında bir həftə ərzində dəyəri təxminən 2% düşərək dördillik minimuma çatmış dollar indeksi daha sonra sıçrayış edərək metall bazarında xaosa səbəb oldu.
1. Metallar bazarında çöküş
ABŞ Prezidenti Donald Trampın keçmiş FED sədri Kevin Uarşı FED-in gedən sədri Cerom Pauelin yerinə təklif etməsi qərarından sonra son iki ticarət sessiyasında dollar sıçrayışı metall bazarında çöküşə səbəb oldu.
Yanvar ayında yarım əsrdən uzun müddət ərzində ən yaxşı ayını qeyd edən qızıl, əvvəlki sessiyada 1980-ci illərin əvvəllərindən bəri ən böyük günlük düşüşü yaşadıqdan sonra bazar günü 5% ucuzlaşıb, amma çərşənbə axşamı bir qədər bərpa olunub.
Treyderlər FED-in müstəqilliyi dolları zəiflədərkən metalların qiymətinin yüksələcəyinə əsaslanan populyar valyuta devalvasiyası ticarətinə sıx girmişdilər. Fransa nüfuzlu bankı “Societe Generale”in müştəri qeydlərinə görə, bu konsepsiya metall bazarlarından “şimşək sürəti ilə” çıxıb.
Gümüş və mis də son zamanlar rekord səviyyələrdən kəskin düşüb, Brent nefti isə yanvar ayında 16% qalxışdan sonra demək olar ki, iki ayın ən pis həftəsini keçirməyə hazırdır.
- Valyuta bazarında dalğalanmalar
Təxminən 10 trilyon dollarlıq gündəlik qlobal valyuta bazarı daha volatildir.
Ən çox ticarət edilən valyuta cütü olan avro/dollar məzənnəsinin üç aylıq gözlənilən volatilliyi indeksi keçən həftə iyuldan bəri ən yüksək səviyyəyə çatıb.
“Capital Economics”ə görə, dollar artıq ABŞ və Yaponiya və ya Avropa faizləri arasındakı fərq kimi ənənəvi qiymətləndirmə meyarlarından ayrılıb.
“Barclays” dollar üçün ABŞ siyasət risk premiyasını hesablayıb. Bu o deməkdir ki, dollar Ağ Evin ritorikasından təsirlənir və investorların izlədiyi iqtisadi və inkişaf proqnozlarından qismən ayrılıb. Bu isə xarici investorlar üçün dollarda qiymətləndirilən səhm və istiqrazların saxlanmasını və dəyərini çətinləşdirə bilər.
“Əsas sual budur: insanlar ABŞ aktiv bazasına etimadını itirəcəkmi?” -deyə, “Barclays”in foreks və inkişaf etməkdə olan bazarlar üzrə makro strategiya şöbəsinin rəhbəri Temos Fiotakis sual edir.
- Amerika aktivləri sat riski
Xarici investorlar təxminən 70 trilyon dollarlıq ABŞ aktivlərinə sahibdir, bu göstərici son on ildə Uol-Stritdəki səhm artımı ilə iki dəfədən çox artıb. Avropa fond menecerləri öz mövqelərini qiymətləndirirlər.
Zəif dollar ABŞ şirkətlərinin xaricdəki gəlirlərinin yerli valyutada dəyərini artıraraq səhm qiymətlərini yüksəldə bilər və adətən xəzinə istiqrazlarının qiymətlərini də artırır.
Amma nizamlanmamış dollar düşüşü bu əlaqəni dəyişə bilər. Reuters “Bank of America”nın qeydinə istinadən bildirir ki, aylıq 5% itki “uzunmüddətli xəzinə istiqrazlarının kəskin satışı”na səbəb ola bilər və ABŞ maliyyə şərtlərini ciddi şəkildə sıxlaşdıra bilər.
Dolların ev aktivləri ilə birgə enməsi, yəni daha geniş devalvasiya ticarəti də risk olaraq qalır.
- Qorunmaq vaxtıdır
“Janus Henderson” meneceri Oliver Blekbörn bildirib ki, portfellərini daha neytral mövqeyə keçirir və bazar riskindən uzaqlaşmaq üçün son iki həftədə səhm və qızıldakı mövqelərini azaldıb.
“Ninety One”in gəlir idarəçiliyi rəhbəri Con Stopford həm xəzinə istiqrazları gəlirləri yüksəlsə pul qazandıran alış opsionları, həm də düşsə qazandıran satış opsionları alıb. O deyib ki, bu addım gəlirlərin istiqamətindəki qeyri-müəyyənliyi qarşılamaq üçündür.
Hedc-fondlar isə ticarət gərginliyi və siyasət qeyri-müəyyənliyi səbəbindən Şimali Amerika aktivlərindən geri çəkilirlər.










