ABŞ dollarının altı əsas xarici valyutaya qarşı məzənnəsinin dinamikasını müəyyən edən “ICE U.S. Dollar” indeksi bugünkü ticarət sessiyasında 103,35 bəndində qərarlaşaraq 14 illik maksimum olan 103,56 səviyyəsinə yaxınlaşıb. Ötən gün baş tutan ticarət sessiyası zamanı dolların indeksi 102,52 bəndədək geriləyib.
Dolları Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Canet Yellenin ötən gün verdiyi bəyanatlar möhkəmləndirir. C. Yellen bildirib ki, ABŞ-ın əmək bazarına dair açıqlanan statistika optimizm doğurur.
Paralel olaraq, ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyi də artmaqdadır.
Bugünkü ticarət sessiyasında avronun dollara qarşı məzənnəsi 0,15% zəifləyərək 1,0386 dollar səviyyəsinə enib. Beləliklə, avronun ucuzlaşması davam edir. Xatırladaq ki, ötən gün baş tutan ticarət sessiyasında avronun məzənnəsi 0,5% zəifləyərək dekabrın 15-də müəyyənləşən minimuma, yəni 1,0366 dollar səviyyəsinə yaxınlaşıb ki, bu da öz növbəsində 2003-cü ilin yanvar ayında qeydə alınan minimuma identikdir.
Eləcə də bax: RƏSMİ: Azərbaycanda dollar yenidən bahalaşdı
Böyük Britaniya funt sterlinqi isə aylıq minimumu yeniləyərək 1,2355 dollar səviyyəsində qərarlaşıb.
Avstraliya dolları 0,7240 dollar səviyyəsində ticarət olunur ki, bu da 6,5 aylıq minimumu hesab olunur.
Ötən gün baş tutan iclasın ardından Yaponiya Mərkəzi Bankı bəyan edib ki, monetar siyasəti dəyişməz saxlayacaq. Bunun ardınca Yaponiya yeni dollara nisbətən ucuzlaşmaqdadır. Hazırda dollar 117,89 yen səviyyəsində ticarət olunur və bununla ABŞ-ın rəsmi valyutası ötən gün üzləşdiyi itkiləri bərpa edib.
İnvestorlar Rusiyanın Türkiyədəki səfirinin qətlindən olduqca təsirlənib. Bundan başqa, Almaniyanın paytaxtı Berlin şəhərində yük maşının Yeni il yarmarkasına çırpılması nəticəsində 12 nəfərin ölməsi və 48 nəfərin yaralanması da treyderlərin narahatlığına səbəb olub.
Ankaradakı terror aktından sonra 1 dollar 3,522 türk lirəsinə bərabər olub ki, bu da antirekord hesab olunan 3,6 səviyyəsinə çox yaxındır.