“Oktyabrın 18-dən etibarən ABŞ Avropadan idxal etdiyi şərab, viski, pendir və bir sıra başqa məhsullara yeni idxal vergisi tətbiq edəcək”.
Banker.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, ötən gün Ümumdünya Ticarət Təşkilatına (ÜTT) müraciət edən Tramp Administrasiyası Fransa, Almaniya, İspaniya və Böyük Britaniyadan idxal edilən sərnişin təyyarələrinə 10 faiz, İrlandiya və Şotlandiya viskiləri və digər Avropa məhsullarına 25 faiz rusum tətbiq etmək niyyətindədir.
“Bu addım qlobal ticarət savaşının yeni mərhələyə qədəm qoyması anlamına gəlir. Bu kontekstdən, 2020-ci ildə də qlobal iqtisadi artım tempinin azalması və strateji bazarlarda valetliliyin yüksək olması gözləniləndir. Deməli, ticarət savaşları yeni qlobal iqtisadi böhran üçün ciddi əsaslar yaratmaqdadır”.
Ekspert qeyd edib ki, yeni qlobal ticarət savaşı artıq birjalara da təsir göstərməkdədir. Belə ki, “Brent” markalı neftin bir barelinin qiyməti 58 dollardan aşağı düşüb.
“Neftin qiyməti Azərbaycana daxil olan valyutanın həcmi baxımdan çox vacibdir. Ölkəmizin ixracatında xam neftin payı 81 faiz, enerji məhsullarının ümumi payı isə 90 faizə yaxındır. 2019-cu il dövlət büdcəsində neftin bir barelinin qiyməti 60 dollar nəzərdə tutulub. Hələlik orta qiymət 60 dollardan yüksək olsa da, növbəti 3 aydakı tendensiya heç də nikbin notlar formalaşdırmır. Azərbaycan üçün fiskal “qırmızı xətt” 60, monetar “qırmız xətt” isə 50 dollardır. Bu baxımdan, neftin qiymətindəki azalmalar monetar baxımdan da arzuolunan deyil. Neftin qiymətində azalmalar davam edirsə, bu dünya bazarında dolların möhkəmlənməsinə səbəb olacaq. Bu halda ölkəmizdə də dollara tələbin artacağı istisna edilmir. Hər halda, qlobal ticarət savaşı nəinki inkişaf etmiş, heç inkişaf etməkdə olan ölkələr üçün də yaxşı nə isə vəd etmir”.