Dollardan (USD) aslılıq necə yarandı? İndi dollara real alternativ varmı?

Dollar

Burası da bir gerçəklikdir ki, dünyanın bəzi qitələrində antiamerikan ovqatı güclənir. Bir neçə il bundan öncə Amerika azad insanların Amerikası idisə, indi daha çox amerikalıların Amerikası təssuratını yaradır. Buna bənzər mesajı Tramp seçki vədlərində də dilə gətirmişdi. Trampın ekstravaqant davranışları da onun təmsil etdiyi dövlətin nüfuzdan düşməsi üçün ciddi əsas rolunu oynayır. Amma məsələnin rasional, o cümlədən iqtisadi tərəfin dəyərləndirməmiz lazım. ABŞ dolları bu uğur zirvəsinə necə nail oldu? Dollar bir gecə yatıb səhərisi də dünya valyutası olmadı. O zaman dolların necə möhkəmlənmə siyasətini izləyək.

Dollarin dünya valyutasi olmasinin “savaşi”

Dolların dünya valyutası olması siyasi konteksdə – müharibənin yaratdığı fürsətdən yararlanmaq hesabına əsası qoyulub. İkinci cahan (dünya) savaşında özü “yaralanmadan”, lakin iştirakçı tərəflərə silah-sursat başda olmaqla hər cür təminatı (ərzaqdan başlamış sənaye məhsullarına qədər) həyata keçirən ABŞ bütün bunları qızıl mübadiləsi ilə həyata keçirirdi. Alqı-satqı ekvivalenti kimi qızıldan istifadə olunurdu. Bu ticarətin genişlənməsi sayəsində müharibənin sonuna qədər ABŞ dünya qızıl ehtiyatlarının 40 faizini öz əlində cəmləşdirmiş oldu. Məhz təminatı qızılla müəyyənləşən ABŞ dolları dünya valyutası rolunda çıxış etməyə başladı. 1944-cü ildə 44 ölkənin imzaladığı “Bretton Woods” sazişi dolların bu mövqeyini daha da möhkəmləndirmiş oldu. Bu sazişdən irəli gələrək 43 ölkə 1 dolları=0,88867 qızıl qramla (təxminən 100000\1) müəyyən olundu. Bununla da bu ölkələr öz ölkələrinin valyuta dəyərini dollarla müəyyən etməyə razılaşdılar. Dünyada bununla başlanan dolların əzici gücü dominantlıq təşkil etməyə başladı. Sonrakı proseslər sadəcə bu tendensiyaya yardımçı rol qismində çıxış etmiş oldu.

Dollara alternativ mümkünmü?

Dolların dünya bazarında dominant rolunu ifadə edən bir neçə göstərici vardır ki, bunları nəzərə almadan dolların gerçək gücünü dərk etmək mümkün deyil. Bunlardan ikisi çox önəlidir.

Birincisi, dollara olan böyük inamın olması fonunda onun salxanc vasitəsi kimi qəbul olunmasıdır. Hazırda dünya aktivlərinin 62,7 faizi məhz dollarda saxlanılır. Bu hər şeydən öncə dünya miqyasında dollara olan böyün inamın nəticəsidir.

İkincisi, dollarla aparılan ticarətin xüsusi çəkisinin böyük olması onun həm də tədavül vasitəsi kimi istifadəni ortaya qoyur. Belə ki, hazırda dünyada ticarətin 60% dollarla, 20% avro ilə, yerdə qalan 20% isə digər valyutalarla aparılır.

Əgər, belədirsə, o zaman bazardakı bu qədər mühüm təsirləri necə neytrallaşdıra bilərsiniz? Belə bir təsir gücünü özündən ehtiva edən alternativ valyuta məkanı yarada bilərsinizmi? “Dollarsızlaşdırma” siyasətini necə effektiv edə bilərsiniz? O zaman ki, bu ölkələrin dünya valyuta bazarında dövr edən valyutalarının həcminə diqqət edək. Həmin ölkələrin hər birinin illik olaraq (Türkiyə,İran, Rusiya) ÜDM-i belə 1 trilyon ÜDM səviyyəsində deyil. Hər gün təkcə dünyanın valyuta bazarında 5,1 trilyon dollar dövr edir. Deməli, dünya valyuta bazarında dollara olan tələb fonunda, yenə də üstünlük dolların xeyrinə dəyişəcək. Bu zaman dollara alternativ valyutanın ən azı yaxın illərin işin olmadığı meydana çıxar.

BVF-a ABŞ-ın təsir gücü

Kimin necə düşünməsindən asılı olmayaraq bu gün dünyanın pul-kredit siyasətini ABŞ-ın yönəltməsi bir reallıqdır. Lakin bunun birbaşa və dolayı formaları mövcuddur. FES-in (Federal Ehtiyatlar Sistemi) uçot stavkasından başlamış BVF-nun (Beynəlxalq Valyuta Fondu)  hansı ölkələrə maliyyə yardımı etməsindəki səsvermə prosedurlarına qədər hamısının başında ABŞ durur. Necə? Mexanizmlərdən biri budur. Məsələn, Türkiyə düşdüyü indiki vəziyyətdən çıxması üçün BVF-dan dəstək almaq istəyir. Bunun üçün oradakı üzv ölkələrin bu qərara razı olması əsas şərtdir. Heç olmasa oradakı səslərin 85%-i Türkiyə almalıdır ki, qardaş ölkə ilə bağlı qərar qəbul olunsun. Orada təkcə ABŞ-ın səs faizi 16,5%-dir. Əgər ABŞ Türkiyəyə səs verməsə, hətta oradakı üzv ölkələrin hamısı səs versə belə, Türkiyənin səs faizi 83,5%-i keçmir. Bu o deməkdir ki, ABŞ-ın razılığı olmadığı halda hətta bütün ölkələr Türkiyənin leyihə belə səs verməsi yenə də Türkiyənin kredit almaq şanslarını heçə endirir. Bildiyimiz kimi BVF sadəcə kreditor təşkilatı deyil. O ölkələrə kredit vermir. Kredit verilməsinə yardımçı olan ölkələrə zəmanət verir. Tutaq ki, hansısa ölkə krediti ödəyə bilməyəcəyi təqdirdə, onu BVF-nun ödəməsi öhdəliyini öz üzərinə götürən qurumdur. Belə bir halda zəmanət verdiyi qurum olan BVF ölkənin iqtisadiyyatının idarəedilməsində mühüm rol almış olur. Deməli, BVF ticarətin davamı üçün fəaliyyət göstərən bir qurum kimi qəbul olunmalıdır.

SWIFT-in gücü və vasitəli asılılıq

Dollarından imtinanın başqa bir tərəfi bank sektorundakı bağların mərkəzi sistem olan ABŞ-la tam əlaqəli olmasıdır. Maraqlıdır ki, bir ölkənin bank sektoru həmin ölkənin ərazisi ilə məhdudlaşmır. Burada sərhəd coğrafi anlam daşımır. Bu mənada bir ölkə daxilində dollarla pul köçürmələri həmin ölkənin daxili işi sayılmaz. Əgər Türkiyədə iki bank arasında əlaqə varsa, bunun ötürücüsü rolunda ABŞ çıxış edir. Məsələn, Türkiyədə bir bank başqa bir banka 10 dollar köçürürsə, ilk əvvəl bu ABŞ-a gedir, sonra Türkiyədəki digər köçürmək istədiyiniz həmin bankın hesabına gəlir. Demək, hətta bir ölkə sərhədləri daxilində belə 2 bankın əməliyyatları ABŞ-ın maliyyə qurumları olmadan tam həyata keçə bilməz. Həmin pulun hərəkət trayektoriyası ABŞ “sərhədlərinə” (coğrafi anlamda deyil) toxunmadan keçə bilməz. Bir şirkətin hansı bir ölkədən almaq istədiyi məhsula görə, şirkətin pulları ABŞ-a gedir, sonra həmin şirkətin bankdakı hesabına köçür. Əgər ABŞ-ın hər hansı bir X ölkəsinə qarşı sanksiya qərarı varsa, həmin bank əməliyyatları həmin sanksiyanın təsir dairəsinə düşmüş olur. Deməli, bu zaman həmin ölkədən sizin nəsə almaq imkanınız da olmayacaq. Bütün bunlar müasir dünyadakı bank sisteminin əsas qaydalarından bir neçəsi hesab olunur.

– Müəllif – 
Məhəmməd Talıblı