“Yeni Qaydalar təminat verirmi ki, istifadəçilər milli internet resursları yaradanda beynəlxalq domenlərə deyil, məhz milli domenlərə üstünlük verəcəklər ? Nazirlər Kabineti .az domen adlarının qeydiyyatı və istifadəsi Qaydalarını təsdiq edib. Milli domenin 25 illik tarixidnə bunun qədər qeyri peşəkar hazırlanan, bunun qədər sərt , beynəlxalq normalara ümumiyyətlə uyğun gəlməyən və mühafizəkar qaydalar olmayıb. Əvvəl Telekommunikasiya haqqında qanunda heç olmasa bəzi mütərəqqi maddələr vardı. Amma indiki qaydalarda ümumiyyətlə absurd müddəalar yer alıb.”
Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz bildirib. Ekspert sözü gedən prosesin milli təhlükəsizlik məsələsinə birbaşa aid olan bir məsələ olduğunu da qeyd edib :
“Domenlərin qeydiyyatına dünyanın bəlli yanaşmalar və prinsipləri var. Burada internet ictimaiyyətinin maraqları təmin olunmalı, maraqlı tərəflərin iştirakı ilə kollegial idarəetmə olmalı, inhisarçılıq aradan qaldırılmalı, rəqabətli, şəffaf və ədalətli qeydiyyat mühiti formalaşdırılmalıdır. İndiki Qaydalar elə hazırlanıb ki, sanki NRYTN-nin bir şöbəsinin təlimatıdır. Domen adlarının qeydiyyatından imtina üçün yetrəincə absurd əsaslar müəyyən olunub. Bəzi domenlərin qeydiyyatına icazə üçün Nazirliyin rolu hədsiz şişirdilib. Milli inzibatçının kollegiallığı nəzərə alınmayıb. “Stop-list” siyahısından əlavə Nazirliyə hətta özləri üçün “Ehtiyat domen” adları siyahısı müəyyən etmək səlahiyyəti də verilib, hansı ki bu adları heç kim qeydiyyata ala bilməyəcək. NK-nın “”cır meyvə” və “meşələrin çəpərlənməsi” haqqında qərarları, düşünürəm ki, bunun yanında çox liberal idi. Mən bilmirəm bu sənədə kim rəy verib. Haralarda müzakirə olunub. Mövcud normalara görə Prezident Administrasiyası buna rəy verməliydi. Ağlım kəsmir ki, onlar bu tip sənədə rəy verələr. Milli domen Qaydaları ölkədə internetin inkişafına, milli resursların formalaşmasına və yeri gəlmişkən qeyd edim ki, milli təhlükəsizlik məsələsinə birbaşa aid olan bir məsələdir.
Osman Gündüz sonda qaydaların vətəndaşları məhz milli domen altında milli internet resursu yaratmağa sövq etməli olduğunu da vurğuladı :
“Qaydalar vətəndaşları beynəlxalq domenlə deyil, məhz milli domen altında milli internet resursu yaratmağa sövq etməli və stimullaşdırmalıydı. Bu Qaydalar təminat verirmi ki, vətəndaşlarımız sabah beynəlxalq domenlərə deyil məhz milli domenlərə üstünlük verəcəklər ? Eyni zamanda anlaşılmazdır ki, İnternetlə əlaqəli , internet ictimaiyyətinin maraqlarına birbaşa aid olan bir sənəd hazırlanıb, amma qabaqcadan heç bir ictimai müzakirə aparılmayıb. Heç bir yerdə bu sənədin layihəsi qabaqcadan açıqlanmayıb. Anlamıram ki, geniş internet ictimaiyyətinin maraqlarına toxunan, milli domen zonasının inkişafına birbaşa aidiyyatı olan sənəd nə üçün görəsən tam məxfi şəraitdə hazırlanıb və təsdiqlənib.”