Donald Tramp administrasiyası yeni COVID-19 koronavirusun yayılmasının iqtisadiyyata təsirini minimuma endirmək üçün görüləcək tədbirlər planını müzakirə edir. Onlar sırasında FED-in faiz dərəcəsini azaltması da var.
Banker.az xəbər verir ki, bu haqda “Bloomberg” yazır.
Agentliyin vəziyyətdən xəbərdar olan mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ-ın maliyyə naziri Stiven Mnuçin və Ağ Evin nəzdində fəaliyyət göstərən Milli İqtisadi Şuranın direktoru Larri Kudlou, faiz dərəcələrinin azaldılmasını tələb edirlər. Onlar bunun 17-18 mart üçün planlaşdırılan iclasa qədər baş verməsinin tərəfdarı olduqlarını bildiriblər.
FED-in sədri Cerom Pauell bildirib ki, zərurət olarsa faiz dərəcəsi azaldılacaq. Onun fikrincə, koronavirus “iqtisadi fəaliyyət üçün artan risklər yaradır”, bununla əlaqədar olaraq FED “iqtisadiyyatı dəstəkləmək üçün bütün alətlərdən istifadə edəcək”.
Xatırladaq ki, yanvarın 29-da keçirilən iclasda FED faiz dərəcəsini 1,5-1,75% səviyyəsində saxladı.