27 C
Baku
Saturday, July 27, 2024

Dörd il ərzində Londondan Parisə uçan taksi planlaşdırılır

Böyük Britaniyada mənzillənən Vertical Aerospace şirkəti saatda 300 kilometr sürətlə uçan taksilərin 2022-ci ildə xidməti fəaliyyətə başlamasını hədəfləyib.

Times qəzetində yazılan xəbərə görə, şirkətin inkişaf etdirdiyi model hazırda 160 kilometr məsafəni qət edir. Lakin taksilər xidməti fəaliyyətə başlayana qədər bu məsafənin 500 kilometrə çatması hədəfə alınıb.

Beləliklə, Böyük Britaniyanın paytaxtı London-dan ən çox istifadə olunan reyslər olan Şotlandiyanın paytaxtı Edinburgh-a və ya Fransanın paytaxtı Parisə bu taksilərlə getmək mümkün olacaq.

Şirkət inkişaf etdirdiyi avtomobillər üçün 4 il ərzində lazımi icazələri almağı planlaşdırır.

Eniş zolağına ehtiyac olmadan şaquli şəkildə eniş və qalxma həyata keçirə bilən avtomobilin hava limanlarındakı yükü azaldacağı və sərnişinləri hava nəqliyyatındakı uzun proseduralardan xilas edəcəyinə ümid edilir.

2016-cı ildə yaradılan şirkətin qurucularından Stephen Fitzpatrick avtomobillərin pilotlar tərəfindən idarə olunacağını, beləliklə uçuşun mövcud aviasiya qaydalarına uyğun həyata keçiriləcəyini deyib.

Lakin o, irəlidə qaydaların dəyişməsiylə birlikdə Uber tərzində tətbiqlərlə sifariş edilən və süni intellekt tərəfindən idarə olunan taksilərin də mümkün olacağını söyləyib:

“Bu, aviasiyada bir inqilab yaradacaq. Şəhərdən 50 kilometr aralıda yerləşən hava limanları yerinə insanlar evlərinə çox yaxın yerlərdən avtomobillərə minə biləcək, iş adamları hədəflərinə çox yaxın yerlərdə enə biləcəklər”.

Rolls Royce şirkəti də iyul ayında buna bənzər bir dizayna malik hava avtomobilini nümayiş etdirmişdi.

Uber-dən başqa Google-un yaradıcısı Larry Page də təyyarə avtomobili konsepsiyası ilə maraqlanır.

Times qəzeti bu xəbəri manşetinə çıxarıb. Qəzet bu avtomobilin istifadəyə verilə bilməsi üçün hava hərəkətinə nəzarət edən sistemlərin də inkişaf etdirilməsinin lazım olduğunu, əks təqdirdə çoxlu sayda kiçik hava avtomobilinə nəzarət etməyin çətin olacağını bildirib.

– BBC Azəri

Son xəbərlər
Digər xəbərlər