Müəllif: Embawood: Strateji İdarəetmə Qrupunun rəhbəri və Qafqaz Universiteti Marketinq müəllimi Cəbrayıl Vəliyev
Hər birimizə hər gün demək olar ki, heç istəmədiyimiz halda 4 rəqəmli SMS servislərindən və eyni xüsusiyyətli digər servislərdən məsajlar gəlir. Bu təbii ki, sürətli müştəri əlaqələri baxımından gərəklidir. Lakin əlaqə, ünsiyyət deyiriksə bunun əsas xüsusiyyəti qarşılıqlı olmasıdır. Gələn SMS xidmətlərini iki hissəyə ayırmaq mümkündür. Biri alıcının hər hansı bir şəkildə qarşı tərəflə istəyərək (hər hansı bir zamanda müştərisi olmuş və ya anketini doldurmuş və s.) qurulan əlaqədən sonra gələn SMS qrup, digəri isə heç bir şəkildə müxtəlif servis sağlayıcıların vasitəsilə heç bir istək, tələb, əlaqə olmadan alınan SMS qrup.
Birinci qrupu yenə müəyyən ölçüdə başa düşmək, qəbul etmək mümkündür. İkinci qrup isə inanıram ki, çox alıcıları bu və ya digər şəkildə narahat edən SMS-lərdir. Texnologiyanın, inkişafın həyatımıza girməsini və baş verən dəyişiklikləri sözsüz ki, dəstəkləyənlərdənəm.
Ancaq şirkətlərin bu xidmətdən istifadəsini düzgün hesab etmirəm. Marketinq aləmində olduğum üçün bu məqaləni yazmaq qərarına gəldim.
Müştəri fikrinə önəm verən, müştəriyə dəyər verən şirkətlər CRM-lərini adının da tələb etdiyi kimi ikitərəfli, qarşılıqlı, real feedback-ini də təmin edərək həyata keçirməlidirlər. Bu xidməti təmin edən texnologiya, digər xidməti də təmin etməlidir. Yəni şirkətlər mesajı alanlara göndərdiyi 4 rəqəmli və ya bu xüsusiyyətli SMS-lərə cavab almaq imkanı tanımalıdır.
Bunu yazmağıma əslində səbəb dünən mənə SAZZ-dan gələn bir məsaj oldu.
SAZZ-dan gələn məsaj: “Əziz abunəçi! Köhnə internet logininiz 300 mb trafiklə 10 gün internetə pulsuz olacaq. Sınayın! Modemi sazlamaq, ümumi məlumat üçün Tel:191Sazz4G.”
Mən isə cavab yazmaq istədim o an: “SAZZ olaraq siz mənə olmazın əziyyət vermisiniz. Yaxşı ki modem sındı və sizdən qurtuldum.” Və bunu o SMS-yə birbaşa elə SMS-yoluyla cavab vermək istədim. Bəli yuxarıda telefonları göstərilib.
Məhz buna görə bu cür xidmətləri təmin edən servislərin və bu cür informasiya göndərən şirkətlərin göndərdikləri sms alıcılarına məhz eyni vasitə ilə cavab imkanı tanımalarını doğru qəbul edirəm. Bu zaman istifadə etdikləri CRM aləti adını doğruldar..