®Ölkənin aparıcı korporativ maliyyə institutu və sosial layihələrin təşəbbüskarı “PAŞA Bank”, “PAŞA Bank ilə başla” layihəsi çərçivəsində DOST Agentliyi ilə əməkdaşlığa başlayıb. Bu münasibətlə fevral ayının 8-də baş tutan tədbirdə DOST Agentliyinin təşəbbüsü ilə sözügedən layihənin iştirakçıları üçün 7 sessiyadan ibarət təlimlərin keçiriləcəyi məlum olub.
Məlumat sessiyaları “Əlilliyin müəyyən edilməsi, qiymətləndirilməsi strategiyaları və tibbi-sosial reabilitasiyası”, “DOST Agentliyi tərəfindən əlillik və sağlamlıq imkanlarının məhdudluğu sahəsində göstərilən xidmətlər (Məşğulluq sahəsində əlilliyi olan şəxslərə göstərilən xidmətlər; Əmək pensiyası və sosial müavinət sahəsində əlilliyi olan şəxslərə göstərilən xidmətlər; Sosial xidmət sahəsində əlilliyi olan şəxslərə göstərilən xidmətlər; Funksional yardımçı xidmətlər sahəsində əlilliyi olan şəxslərə göstərilən xidmətlər)”, “Əlilliyi olan şəxslərə xidmət etikası”, “Əlillik məsələləri üzrə göstərilən xidmətlərin rəqəmsallaşdırılması və əlillik məsələlərində müasir texnologiyanın gücü”, “Əlilliyi olan şəxslərin psixososial rifahı”, “Əlilliyi olan şəxslərin işə qəbul proseduru” ilə bağlı mövzuları əhatə edəcək. Bu mövzular əlilliyi olan şəxslərin fərdi inkişafına töhfə verəcək, onların DOST xidmətlərinə dair məlumatlılıq səviyyəsini yüksəltəcəkdir.
Xatırladaq ki, “PAŞA Bank”ın təşəbbüsü ilə ötən ildən start götürmüş “PAŞA Bank ilə başla” layihəsi əlilliyi olan şəxslərin peşəkar inkişafına, bilik və bacarıqlarının artırılmasına, o cümlədən cəmiyyətə inteqrasiyasına və işlə təmin edilməsinə dəstək verməyi hədəfləyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ADA Universitetinin dəstəklədiyi bu layihənin iştirakçılarına yumşaq bacarıqlarla yanaşı, əmək bazarında tələbat duyulan sahələr üzrə təlimlər keçirilib.