9 C
Baku
Friday, February 20, 2026

DOST sədrinin iki müavini vəzifəsindən ayrılıblar

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyəti sədrinin müavinləri Tural Mailov İlkin Məmmədov vəzifəsindən ayrılıblar.

Banker.az xəbər verir ki, bununla da ümumi müavinlərin sayı 4-ə düşüb.

Əldə olunan məlumata görə, İlkin Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının İqtisadiyyat şöbəsinin müdiri təyin edilib.

Ötən gün Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrləri ilə Elnur Qaraxan oğlu Əliyev və Arif Alim oğlu Ataxanlı Nazirliyin tabeliyində DOST Agentliyinin İdarə Heyəti sədrinin müavinləri təyin edilmişdilər.

Tural Mailov 1985-ci ildə Bakı şəhərində anadan olub. O, orta təhsilini ABŞ-nin Miçiqan Ştatının Battle Creek şəhərində alıb. Daha sonra Qərb Universitetinin “Beynəlxalq hüquq” ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 2008-ci ildə “Kazimir Partners Azerbaijan” MMC-də tədqiqatçı analitik vəzifəsi ilə başlayan Tural Mailov sonradan həmin şirkətin icraçı direktoru vəzifəsinə qədər yüksəlib. Daha sonra “Caspian Financial” şirkətinə rəhbərlik edib. Sonrakı dövrlərdə o, Birləşmiş Ərəb Əmirlikləri və Avropanın bir sıra ölkələrində fəaliyyət göstərən müxtəlif nüfuzlu şirkətlərin rəhbəri vəzifələrində çalışıb. O, biznes fəaliyyəti ilə yanaşı, həmçinin Avropada fəaliyyət göstərən beynəlxalq media qurumuna da rəhbərlik edib.

2024-2025-ci illərdə DOST Agentliyinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

2025-ci ilin mart ayında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyəti sədrinin müavini təyin edilib.

Tural Mailov, həmçinin Qiymətli Kağızlar Komitəsinin və Bakı Fond Birjasının Akkreditasiya lisenziyalarına malik üzvü olub. O, Qiymətli Kağızlar Komitəsinin təşkil etdiyi attestasiya imtahanından maksimum bal toplayaraq şəhadətnaməyə sahib ekspert olub.

İlkin Məmmədov isə 1988-ci ildə İmişli rayonunda anadan olub. Sumqayıt Dövlət Universitetinin “Mühəndis iqtisadiyyatı və idarə edilməsi” fakültəsinin bakalavr pilləsini, Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznesin təşkili və idarə edilməsi” fakültəsinin magistr pilləsini bitirib. Hazırda isə təhsilini İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunda “Daxili fiskal siyasət və dövlət maliyyəsi” ixtisası üzrə fəlsəfə doktoru proqramında davam etdirir. O, əmək fəaliyyətinə 2008-ci ildə başlayıb, 2016-cı ilədək bir neçə özəl müəssisədə, 2021-ci ilədək İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, daha sonra isə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzində maliyyə sahəsi üzrə müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2021-ci ildən Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində fəaliyyətə başlayan İlkin Məmmədov “Maliyyə və büdcə” şöbəsinin müdiri, “Mühasibatlıq” şöbəsinin müdiri, “Maliyyə və mühasibatlıq” departamenti müdirinintəyin edilib. İlkin Məmmədov öz sahəsində geniş təcrübə qazanmış, bir sıra yerli və beynəlxalq sertifikatlara malik peşəkar maliyyə meneceridir. O, Böyük Britaniyanın “Sertifikatlı Maliyyə Menecerləri İnstitutu”nun ( Institute of Certified Financial Managers UK–ICFM) üzvüdür. O, eyni zamanda Dövlət İmtahan Mərkəzinin həm beynəlxalq standartlar, həm də qanunvericilik üzrə eksperti kimi fəaliyyət göstərib.

Son xəbərlər
Digər xəbərlər