16 C
Baku
Thursday, November 21, 2024

Dotkom köpüyü nədir?

Dotkom köpüyü (ing. dot-com bubble) — 1990-cı illərin sonlarında internet üzərindən qurulmuş şirkətlərə yatırılan investisiyalar nəticəsində yaranmış iqtisadi köpüyüdür. Sürətlə inkişaf edən internet şirkətlərinin investorlar üçün cəlbedici olmağı, bu sahəyə həddindən artıq yatırılan maliyyəyə səbəb oldu. Dotkom köpüyü zamanı, kapital bazarlarının dəyərinin yüksək sürətdə artmasına misal olaraq NASDAQ indeksini gətirmək olar. Texnoloji şirkətlərin hökmranlıq etdiyi NASDAQ indeksi, 1995 və 2000-ci illər arasında 1000 bənddən 5000-dən yuxarı punkta qədər yüksəldi.

Səbəbləri

1995 və 2000-ci illər arasında beş qat artan NASDAQ indeksi 10 mart 2000-ci ildə 5,048.62 punkt ilə kulminasiyaya çatmışdır. 4 oktyabr 2002-ci il tarixində 1.139.90 punkta qədər enən indeks, ümumilikdə 76.81% azalmışdır. 2001-ci ilin sonunda, dotcom şirkətlərinin əksəriyyəti müflis olmuşdur. Hətta Cisco, Intel və Oracle kimi nəhəng mavi çip şirkətlər, səhm dəyərlərinin 80%-dən çoxunu itirdi. 2000-ci ildə qalxdığı zirvəyə yenidən çıxmaq üçün, NASDAQ indeksinə düz 15 il lazım oldu. 23 aprel 2015-ci ildə NASDAQ indeksi yenidən rekordunu yenilədi

1993-cü ildə (ing. World Wide Web) dünya miqyasında təqdimi və sürətlə inkişafı, internet üzərində yeniliklərə səbəb oldu. 1990-1997 illəri arasında ABŞ-də kompüterə sahiblənmək artıq lüksdən bir zərurətə çevrildi. Bununla belə, bu illər ərzində kompüterə sahib olan insanların sayı 15%-dən 35%-ə yüksəldi. Bu, informasiya texnologiyasına əsaslanan yeni iqtisadiyyatın yaranmağı, və beləliklə İnformasiya Əsrinə keçid demək idi. Bir çox təşəbbüskarlar bu keçiddən yararlanaraq yeni şirkətlər təsis etdi.

750px Nasdaq Composite dot com bubble.svg
NASDAQ Kompozit Yüksək Texnologiyalar İndeksi 2000-ci ilin martında zirvəyə qalxdı, bundan sonra sürüşmə baş verdi

NASDAQ Kompozit Yüksək Texnologiyalar İndeksi 2000-ci ilin martında zirvəyə qalxdı, bundan sonra sürüşmə baş verdi

Nisbətən aşağı faiz dərəcələri, 1970-1980-ci illərlə müqaisədə kapital artımına səbəb oldu . Eyni zamanda, ABŞ-də kapital mənfəət vergisini aşağı salan 1997-ci il Vergi Ödəyicilərinin Yardım Qanunu, insanları daha çox sərmayə yatırmağa sövq etdi . Ehtimla olunur ki, Federal Ehtiyat Sisteminin (ing. Federal Reserve Board) keçmiş sədri Alan Qrinspan, bilərəkdən səhm dəyərlərinə müsbət rəy bildirərək, şirkətlərə yatırılan sərmayə həcmini artırdı.

Bütün bunları nəzərə alaraq, dotkom köpüyünün partlamağının başlıca səbəbi, spekulyasiyanın mövcudluğu, startaplar üçün vençur kapitalının bolluğu və dotkom şirkətlərinin qazanc əldə edə bilməməsi oldu. 1990-cı illərdə investorlar, bu şirkətlərin bir gün qazanc əldə edəcəyinə ümid edərək, internet startaplara böyük yatırımlar etdilər. Bir çox fərdi investorlar və vençur kapitalıları internet üzərində baş verən sürətli inkişafdan geri qalmaq qorxusu ilə ehtiyatlı investisiya yanaşmasından imtina etdilər .

Kapital bazarlardan gələn pullar, startaplar arasında rəqabət yaratdı və bununla şirkətlər sürətli böyümək üçün bir yarışda idilər. Heç bir xüsusi texnologiyaya sahib olmayan şirkətlər bazarda tanınmaq və bu üsulla böyümək üçün, marketinqə böyük vəsaitlər xərclədilər. Rəqiblərinindən fərqlənmək üçün, bəzi startaplar hətta büdcəsinin 90%-ni reklam üçün xərcləyirdilər.

1995-ci ilin 9 avqust tarixində Netscape Communications Corporation NASDAQ birjasında İlkin İctimai Təklif (ing. Initial Public Offering – IPO) keçirtdi və böyük müvəffəqiyyət qazandı – şirkət 2.9 milyard dollar qiymətində dəyərləndi. Bir neçə ay sonra, 1996-cı ildə Yahoo! NASDAQ-ın indiyə qədər ən uğurlu IPO-larından birini keçirtdi. Elə həmin ay Lycos və Excite internet şirkətləri də ictimailəşdi. Bütün bunlar investorlarda internet şirkətlərinə sərmayə qoymağa yüksək maraq yaratdı.

1997-ci ildə NASDAQ birjasında rekord miqdarda kapital axını oldu. Artıq 1999-cu ildə, bütün vençur kapitalının 39%-i internet şirkətlərinə yönəldi. Həmin il 457 IPO-dan 295-i internet şirkətləri ilə əlaqəli idi. Təkcə 2000-ci ilin birinci rübündə, 91 dotkom şirkəti IPO keçirtdi.

5 dekabr 1996-cı ildə Federal Ehtiyat Sisteminin keçmiş sədri Alan Qrinspan, maliyyə bazarlarına irrasional yatırımlar barəsində xəbərdarlıq etdi. Lakin 2000-ci ilin yazına qədər ölkədə bununla bağlı maliyyə siyasətinə heç bir dəyişiklik etmədi.

Köpüyün partlaması

2000-ci il ərəfələri, Y2K problemi üçün hazırlıqlar görən şirkətlər, texnologiya yatırımlarını azaltmağa məcbur oldular. Kompüter sistemlərinin 1999-cı ildən 2000-ci ilə keçid zamanı geniş sosial və iqtisadi problemlərə səbəb ola biləcək saat və təqvim sistemlərini dəyişdirməkdə çətinlik çəkəcəyi ilə əlaqədar narahatlıqlar var idi.

10 yanvar 2000-ci ildə America Online şirkəti Time Warner ilə birləşdiyini elan etdi. Birləşmə bu günə qədər ən böyük sayılırdı və bir çox analitik tərəfindən şübhə ilə qarşılandı.

2000-ci ilin fevral ayında, Y2K problemi ilə artıq narahat olmayan Alan Qrinspan, faiz dərəcələrini aqressiv şəkildə artırmağı planlaşdırdığını açıqladı. Bu, analitiklər arasında texnoloji şirkətlərin daha yüksək borc xərclərinə təsir edib etməməsi mövzusunda fikir ayrılığına səbəb oldu. 10 mart 2000-ci ildə NASDAQ Kompozit birja indeksi 5,048.62 səviyyəsinə çatdı. Bu tarixi, sonun başlanğıcı kimi adlandırırlar.

15 mart 2000-ci ildə Yahoo! və eBay birləşmə danışıqlarına son verdi və Nasdaq 2.6% düşdü, lakin S&P 500 İndeksi 2.4% yüksəldi. Buna səbəb investorların güclü fəaliyyət göstərən texnologiya şirkətlərindən, nisbətən zəif fəaliyyət göstərən şirkətlərə keçid alan sərmayə axını oldu. Dot com köpüyü yalnız ABŞ fenomeni deyildi. 17 mart 2000-ci ildə Hollandiyada qurulan World Online (WOL) fotkom şirkəti, ilkin olaraq €12 milyard dəyərində olduğu halda, IPO keçirtdikdən cəmi bir həftə sonra €5 milyard dəyərinə düşdü. WOL, Amsterdam səhm mübadiləsi bazarında və Avropada ən böyük IPO sayılırdı.

20 mart 2000-ci ildə Barron qəzetinin buraxılışı, dotkom şirkətlərinin iflasını proqnozlaşdıran “Yanan; Xəbərdarlıq: İnternet şirkətləri nağd işləməyə davam edir” örtük yazısı ilə yayıldı. Bu bir çox insanın sərmayələrini yenidən düşünməsinə səbəb oldu. Növbəti gün Federal Rezerv Sistemi, faiz dərəcələrini artırdı və səhm qiymətləri müvəqqəti olaraq artdı.

3 aprel 2000-ci ildə hakim Tomas Penfild Cekson, ABŞ-yə və Microsoft Corporation arasında baş verən məhkəmə prosesində son qərarını verərək, Microsoft-u Şerman Antiinhisar Qanun layihəsini pozmaqda ittiham etdi. Bu, Microsoft səhm dəyərinin bir günlük 15% azalmasına və NASDAQ indeks dəyərinin 350 punkt və ya 8% azalmasına səbəb oldu. Elə həmin gün Bloomberg jurnalı çoxlu sayda oxunan bir məqalə dərc etdi: “Nəhayət, rəqəmlərə diqqət yetirməyin vaxtı gəldi”.

14 aprel 2000 cümə günü, NASDAQ Composite indeksi 9% azalaraq, ümumilikdə həmin həftəni 25% azalma ilə bitirdi. İyun ayına qədər dot-com şirkətləri reklam kampaniyalarını yenidən nəzərdən keçirməyə məcbur oldular. 9 Noyabr 2000-ci ildə Amazon şirkəti tərəfindən maliyyə dəstəyi alan lakin süni olaraq şişirdilən Pets.com dotkom şirkəti, IPO keçirtdikdən cəmi doqquz ay sonra bazarı tərk etməli oldu. O vaxta qədər, əksər internet şirkətlərinin dəyərləri 75% düşərək, ümumilikdə bazardan $1.755 trilyon silmişdilər.

2001-ci ildə baş verən 11 sentyabr hücumları, həmin il birjanın düşməsini sürətləndirdi. 2001-ci ilin oktyabr ayında Enron, 2002-ci ilin iyun ayında Worldcom və 2002-ci ilin iyulunda Adelphia Communications Corporation qalmaqalı da daxil olmaqla bir sıra mühasibat qalmaqalları baş verdi . Bütün bunların nəticəsində yaranan iflaslar investorların inamına böyük zərbə endirdi.

Artıq 2002-ci ilin sonunda, səhmlər zirvəyə çatandan bəri (10 mart 2000-ci il) səhm bazarları ümumilikdə $5 trilyon itirdi.

Nəticələri

Vençur kapitalı olmadığından, idarəçilərin və investorların düşüncələri tamamilə dəyişdi. Artıq dotkom şirkətinin ömrü, yanma dərəcəsi (ing. dilindən burn rate) – mövcud kapitalını xərclədiyi sürətlə ölçüldü. Bir çox dotkom şirkəti bazarı tərk etdi və ləğv olundu. Dotkom şirkətlərinin əməliyyatlarını dəstəkləyən reklam və yükdaşıma kimi sahələrə, xidmətlərə tələbat azaldı. Dotkom şirkətlərinin 48-%i aşağı səviyyədə dəyərləndirilmələrinə baxmayaraq bu böhrandan sağ çıxa bildi.

 

MənbəVikipediya
Son xəbərlər
Digər xəbərlər