31 C
Baku
Monday, July 22, 2024

Dövlət büdcəsində neftin qiyməti $40-la götürüb, hazırda isə $80-dən yuxarıdır

Avropada müşahidə edilən enerji böhranı neft daxil olmaqla digər strateji enerji məhsullarının qiymətində artımlara səbəb olub. Mavi qazın qiymətində müşahidə edilən yüksəlişlər fonunda Brent markalı neftin bir bareli artıq 80 dollardan baha təklif olunur ki, bu da 2018-ci ilin oktyabrından bu tərəfə maksimal bir göstəricidir. Kömürün də qiyməti Avropa və Asiya bazarlarında son 13 ildə ən baha qiymətə satılır. Türkiyədə isə keçən il 1 250 lirə olan kömür tonu bu il 3 min lirəyə yüksəlib.

Bir müddət öncə “OPEC plus” ölkələri nazirlərinin gündəlik xam neft hasilatının hər ay 400 min barrel artırılmasına, 5.8 milyon barrel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına razılıq verməsinə baxmayaraq neftə tələb yüksəlir.  Neftin qiymətlərində artımlar davamlı olduğu halda OPEC onunla bir cəbhədə olan alyansın oktyabrın 4-ə planlaşdırılan görüşündə hasilatın artırılması ilə bağlı qərara dəyişiklik edəcəyi və noyabr ayından etibarən bazara daha çox neft çıxarmağa çalışacağını müzakirə etməsi istisna edilmir.

“Neftin dünya bazar qiymətinin yüksəlməsi enerji məhsulları ixrac edən ölkələrin və eləcə də Azərbaycanın valyuta gəlirlərini artırır”.

Banker.az bildirir ki, bunu Milli Məclisin altıncı çağırış deputatı, iqtisadçı Vüqar Bayramov deyib.

“Belə ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan 18 771 min ton həcmində xam neft məhsulları ixrac edib. Bu 8 498 milyon dollar dəyərində xam neft ixracatı deməkdir. Həmin müddətdə ixrac olunmuş məhsulun miqdarı ötən ilin müvafiq dövründən 9,5 % azalsa da, dəyər ifadəsində 25,1 % artıb. Göründüyü kimi, ilk 8 ayda neftin orta qiymətindəki artımlar ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradıb. Qeyd edək ki, Azərbaycan gündəlik xam neft hasilatının gələn aydan daha 7 min barrel artıraraq 640 min barrelə çatdıracaq və ixtisarla bağlı öhdəliyin isə 78 min barrel həcmində olacaq” –deyə, deputat V.Bayramov qeyd edir.

V.Bayramov əlavə edir ki, bu ilin dövlət büdcəsində 1 barel neftin qiyməti 40 dollar nəzərdə tutulsa da dünya bazarında həm mövcud, həm də ötən dövr üçün orta qiymət daha yüksəkdir.

“Mövcud qiymət büdcədə nəzərdə tutulan qiymətdən iki dəfə çoxdur. Bu isə Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirlərinin artmasına imkan yaradır. Qeyd edək ki, gələn ilin dövlət büdcəsində neftin qiymətinin hər barelinin 45 dollar nəzərdə tutulması təklif olunur”.

Son xəbərlər
Digər xəbərlər