Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları dinləyib

Səfər Mehdiyev/FOTO: APA

Sentyabrın 21-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Lənkəran şəhərində vətəndaşları qəbul edib.

DGK-nın mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Banker.az-a bildiriblər ki, Dövlət Gömrük Komitəsinin sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Qəbulda bölgədə yerləşən – Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.