2020-ci ilin I rübündə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 348,9 kq qızıl alıb. Bu barədə “İnterfaks Az.” agentliyinə fondun mətbuat xidmətinin rəhbəri Cəmalə Əliyeva məlumat verib.
“2020-ci ilin yanvar-mart aylarında ARDNF 348,9 kq qızıl alıb. Fond bu məqsədlərə $17,4 milyon yönəldib”, – deyə o bildirib.
C.Əliyeva, həmçinin qeyd edib ki, 2020-ci ilin mart ayının sonuna ARDNF-in investisiya portfelinin strukturunda qızılın payı $5 milyard 273,7 milyon təşkil edir.
Fondun saytında dərc olunmuş məlumata görə, cari ilin I rübünün sonuna ARDNF-in investisiya portfelinin 12,8%-i qızıl investisiyalarının (2019-cu ilin sonuna 11,4%) payına düşüb ki, bu da 101,6 tona (2019-cu ilin sonuna 101,2 ton) bərabərdir.
ARDNF 2012-ci ilin əvvəlindən qızıl alışına başlayıb. 2012-2013-cü illərdə fond tərəfindən 30 174,89 kq (970 145,51 unsiya) qızıl alınıb. 2014-2017-ci illərdə isə qızıl alınmayıb. 2018-ci ildə ARDNF qızılın alışını bərpa edib və ötən il ərzində 20 min 778 kq (668,041 min troya unsiyası) qızıl alıb. 2019-cu ildə fond tərəfindən 50,2 tondan çox qızıl alınıb.
2020-ci il üçün ARDNF-in vəsaitlərindən istifadə proqramına uyğun olaraq gələn il fondun investisiya siyasətinin əsas məqsədi kapital itkiləri riskinin aşağı səviyyədə olması şəraitində maksimum gəlir əldə edilməsidir.
Şərtlərə əsasən, 2020-ci il ərzində fondun borc öhdəlikləri və pul bazarları alətləri portfeli investisiya portfelinin məcmu dəyərinin maksimum 55%-ni; səhm (pay) portfeli investisiya portfelinin məcmu dəyərinin maksimum 25%-ni; daşınmaz əmlak portfeli investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədərini; qızıl portfeli investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədərini təşkil etməlidir.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.