31 C
Baku
Wednesday, July 24, 2024

Dövlət sahibkarlara və əhaliyə güzəştli ipoteka üçün pullar ayırır, amma onların bir hissəsi banklarda “istifadəsiz” qalır – Palata

Dövlət büdcəsindən ayrılmış vəsaitlərin istifadəçiləri tərəfindən tələbatın düzgün müəyyən edilməməsi vəsaitlərin müəyyən olunmuş məqsədlərə tam istifadə olunmayaraq müvafiq bank hesabında saxlanılması ilə nəticələnmişdir.

Banker.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2022-ci il üzrə dövlət büdcəsinə dair rəyində bildirilir.

2022-ci ildə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna dövlət budcəsindən Fondun nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 95 mln. manat və sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə hesablanmış faizlərə görə subsidiyanın verilməsi üçün 5.0 mln. manat olmaqla cəmi 100 mln. manat vəsait ayrılıb.

Dövlət büdcəsindən ayrılmış 95 mln. manat vəsaitin Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin vətəndaşlar tərəfindən güzəştlə əldə edilməsinə yönəldilən hissəsi 40 mln. manat məbləğində müəyyən edilib. MİDA-nın sərəncamında olan mənzillərin güzəştli ipoteka kreditləri vasitəsilə satışı üçün ümumilikdə 2017-2021-ci illər ərzində 195 mln. manat vəsait ayrılıb.

31.12.2022-ci il tarixinədək müvəkkil banklar tərəfindən MİDA-nın sərəncamında olan mənzillərin satışı üzrə ümumilikdə 162.2 mln. manat məbləğində güzəştli ipoteka krediti verilmiş, 32.8 mln. manat məbləğində vəsait isə Fondun Mərkəzi Bankdakı hesablaşma hesabında saxlanılaraq likvid aktivlərə yönəldilib.

Sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə hesablanmış faizlərə görə subsidiyanın verilməsi üçün dövlət büdcəsindən 2018-ci ildə 20 mln. manat, 2021-ci ildə 16.5 mln. manat olmaqla 36.5 mln. manat vəsait ayrılmış, həyata keçirilmiş subsidiya ödənişi 2019-cu ildə 2.4 mln. manat, 2020-ci ildə 6.6 mln. manat, 2021-ci ildə 12.8 mln. manat olmaqla, cəmi 21.8 mln. manat təşkil etmiş, 2022-ci il 01 yanvar tarixinə 14.7 mln. manat vəsait istifadəsiz qalmışdır. 2022-ci ildə həmin məqsəd üçün dövlət büdcəsindən 5.0 mln. manat vəsait ayrılmış, il ərzində əvvəlki ildən qalan qalıqdan da istifadə etməklə verilmiş subsidiyaların məbləği 10.0 mln. manat təşkil etmişdir.

Ümumilikdə 2018-2022-ci illər ərzində sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə hesablanmış faizlərə görə subsidiyanın verilməsi üçün 41.5 mln. manat büdcə vəsaiti ayrılmış, faktiki icra 31.8 mln. manat təşkil etmiş, 9.7 mln. manat istifadəsiz qalmışdır.

Son xəbərlər
Digər xəbərlər