22 C
Baku
Monday, August 15, 2022

Dövlət Vergi Xidməti: “Azərbaycan mediasına gəlir, mənfəət və ƏDV üzrə güzəştlər tətbiq ediləcək”

Dövlət Vergi Xidməti tərəfindən Medianın İnkişafı Agentliyi (MEDİA) ilə birlikdə jurnalistlərə və media subyektlərinə vergi güzəştlərinin edilməsi ilə bağlı müəyyən təkliflər hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub.

Bunu müsahibəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

“Təbii ki, “Media haqqında” qanun qəbul olunmadan dəyişikliklərin tam dairəsinin elan olunması düzgün deyil, amma onu deyə bilərik ki, dəyişiklik istiqamətləri medianın məhz media ilə bağlı fəaliyyətdən əldə etdiyi gəlirlərə və mənfəətə müddətli güzəşt və azadolmaların verilməsi, media qurumları tərəfindən təqdim olunan məhsullar üzrə Əlavə Dəyər Vergisi (ƏDV) ilə bağlı vergi güzəştlərinin tətbiq olunması ilə bağlıdır”, – S. Musayeva bildirib.

Onun sözlərinə görə, dövlətin mediaya yanaşması həmişə həssas olub:

“Dünyanın hər tərəfində mediaya münasibət həssasdır. Vətən müharibəsi dövründə də Azərbaycan mediasının rolu danılmazdır. Tək Dövlət Vergi Xidməti deyil, bütün aidiyyəti dövlət orqanları öz səlahiyyətləri daxilində medianın ölkədə inkişafının dəstəklənməsi ilə bağlı müvafiq tədbirlər görür.

“Media haqqında” qanun iki gün öncə qəbul olunub. Amma qanun qəbul olunana qədər də hökumət, aidiyyəti dövlət qurumları medianın problemlərinin öyrənilməsi, təhlil edilməsi, hansı formada dövlət dəstəyi tədbirləri həyata keçirilməsi ilə bağlı ciddi təhlillər aparırdı. İqtisadiyyat Nazirliyində də media nümayəndələri ilə görüşlər keçirilib, bu görüşlərdə onların təklifləri dinlənilib. Medianın maliyyə dayanıqlığını artırmaq, onların daha çox dövriyyə vəsaitlərindən səmərəli istifadəni təmin etmək, həmin vəsaitlərin medianın inkişafına yönəldilməsi üçün vergi təşviqlərinə də ehtiyac olduğu bildirilib.

Hazırda hökumət bu qanun layihəsini rəy bildirilməsi üçün Iqtisadiyyat Nazirliyi də daxil olmaqla aidiyyəti qurumlara göndərib. Bütövlükdə Dövlət Vergi Xidməti mediaya vergi güzəştlərinin təşviqlərinin verilməsini dəstəkləyir”, – S. Musayeva vurğulayıb.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər