12 C
Baku
Friday, March 29, 2024

Dövlət xətti ilə ipoteka krediti almaq üçün banklara 7 000-dən çox müraciət olub

2019-cu ildə İpoteka və Kredit Zəmanət Fondu ölkədə əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirib.

Bu barədə Fondun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, ipoteka kreditlərinin verilməsi prosesinin əhəmiyyətli dərəcədə sadələşdirilməsi və tam avtomatlaşdırılması bu kreditlərə əhali arasında yüksək tələbin formalaşmasına zəmin yaradıb. Belə ki, il ərzində müvəkkil banklara ümumi məbləği 503 milyon manat təşkil edən 7096 sayda müraciət daxil olub, 174 milyon manat məbləğində isə 2 652 ipoteka krediti verilib. Ötən il ərzində verilmiş kreditlərin 1 390 ədədi (80 milyon manat) güzəştli ipoteka kreditlərinin payına düşüb.

Qeyd edək ki, adi ipoteka kreditləri Fond tərəfindən daxili maliyyə bazarlarından cəlb edilmiş, güzəştli ipoteka kreditləri isə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına verilir. 2019-cu il ərzində 226,5 milyon manat məbləğində (3 398 ədəd) ipoteka krediti Fond tərəfindən yenidən maliyyələşdirilib.

Ümumilikdə, 2006-2019-cu illərdə Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1,391 milyard manata yaxın, bu kreditlər hesabına öz yaşayış şəratini yaxşılaşdırmış ailələrin sayı isə 27 883 olub. Bu kreditlərin 436 milyon manatdan çox hissəsini (8 839 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edib. İpoteka kreditlərindən faydalananların 70%-ə yaxınını gənclər və gənc ailələr təşkil edib, kreditlərin 20%-ə yaxını isə regionlarda verilib.

©Report

Son xəbərlər
Digər xəbərlər