3 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

Dövlət Xidmətinin sabiq idarə rəisinə cinayət işi açıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin sabiq rəisi barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Banker.az bu barədə Baş Prokurorluğa istinadən xəbər verir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin sabiq rəisi Babayev Rövşən Əlixan oğlu və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə 2016-2019-cu illər ərzində qeyd edilən vəzifədə işləyərkən Rövşən Babayevin həmin idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş zabiti vəzifəsində işləmiş Yaşar Hüseynov, habelə Bakı şəhəri 3 nömrəli Şəhər Klinik Xəstəxanasının tibb işçiləri və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında 11 nəfər çağırışçının hərbi xidmətə cəlb edilməməsi üçün ümumilikdə onlardan 22 min 800 manat pulu rüşvət qismində tələb edib almasına əsaslı şübhələr müəyyən edilmişdir.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Rövşən Babayev, Yaşar Hüseynov və başqalarına Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma- təkrar törədildikdə) və digər maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Hərbi Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Son xəbərlər
Oxşar xəbərlər