Azərbaycanın enerji nəhəngi “Azərenerji” ASC qrupu 2024-cü ili 173.8 milyon manat xalis mənfəətlə tamamlayıb. Halbuki, bu göstərici 2023-cü ilin müvafiq dövründəki 175.11 mln. manatla müqayisədə 1.3 milyon manat və ya 0.7% azalma deməkdir.
Banker.az bunu şirkətin konsolidasiya edilmiş audit hesabatına istinadən xəbər verir. Bununla belə, audit hesabatı müfəssəl deyil və cəmi 4 səhifədən ibarət təqdim edilib.
Bu xalis mənfəətdən sonra illərin yığılmış zərəri 1.82 milyard manata qədər azalıb.
2024-cü ildə “Azərenerji”nin ümumi gəliri 1.47 milyard manat təşkil edib ki, bu da ötən illə müqayisədə 224 milyon manat və ya 13.2% azdır. Əsas azalma enerji satışından gələn gəlirdə baş verib – 2023-cü ildə 1.69 milyard manat olan enerji satışları 2024-cü ildə 1.43 milyard manata düşüb. Elektrik şəbəkəsinə qoşulmalar üzrə gəlir 1.2 milyon manat, digər gəlirlər isə 38 milyon manat olub.
Dövlət şirkətinin əməliyyat xərcləri 2024-cü ildə 1.28 milyard manat təşkil edərək əvvəlki illə müqayisədə 171 milyon manat azalıb. Ən böyük xərclər yanacaq (685.8 milyon manat), amortizasiya (293 milyon manat) və işçi xərcləri (126 milyon manat) üzrə qeydə alınıb. Xərclərin optimallaşdırılması nəticəsində əməliyyat mənfəəti 192 milyon manat olub – bu da 2023-cü illə müqayisədə 53 milyon manat azalma deməkdir.
Xarici valyuta mübadiləsindən daxilolmalar 130 milyon manat olub, lakin 2023-cü ildə bu rəqəm 160.4 milyon manat idi. Valyuta üzrə zərər də azalıb – 144 milyon manatdan 67.7 milyon manata düşüb. Maliyyə xərcləri isə 22 milyon manat səviyyəsində qalmaqla, əvvəlki illə müqayisədə 3 milyon manat azalıb. Mənfəət vergisi xərcləri 58.5 milyon manat təşkil edib.
2024-cü ilin sonuna “Azərenerji”nin cəmi aktivləri 5.91 milyard manata çatıb – bu, 2023-cü ilin sonundakı 5.31 milyard manatla müqayisədə 11.3% artım deməkdir. Uzunmüddətli aktivlər 5.04 milyard manat, qısamüddətli aktivlər isə 868.5 milyon manat səviyyəsində olub. Əsas artım əsas vəsaitlərdə – yəni tikili və avadanlıqlarda qeydə alınıb (4.86 milyard manat).
Cəmi kapital 309.1 milyon manat artaraq 3.09 milyard manata çatıb. Bu artım əsasən əlavə ödənilmiş kapitalın 135 milyon manat artırılması və zərərin bir qədər azalması ilə bağlı olub (yuxarıda qeyd edilən səbəbdən).
Cəmi öhdəliklər 2.82 milyard manata yüksələrək illik əsasda 289.4 milyon manat və ya 11.4% artım göstərib. Həm uzunmüddətli (1.48 milyard manat), həm də qısamüddətli (1.34 milyard manat) öhdəliklər artıb. Əsas artım ticarət və digər kreditor borcları ilə cari vergi öhdəlikləri üzrə qeydə alınıb.