4 C
Baku
Sunday, December 4, 2022

Dövlətin daha bir səhmdar cəmiyyəti satıldı, qiymət açıqlandı

Uzun müddət fəaliyyətini dayandırmış “Sumqayıt Tikinti Xidmət” ASC “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq, investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib.

Bu barədə Banker.az-a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2 dekabr 2021-ci il tarixində Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 55A ünvanında yerləşən “Sumqayıt Tikinti Xidmət” ASC-nin nizamnamə kapitalının 99.91 faizini təşkil edən 129 799 səhminin satışı üzrə investisiya müsabiqəsi elan olunub. 12 yanvar 2022-ci il tarixində müsabiqə komissiyasının iclası keçirilib və müsabiqə iştirakçılarının təqdim etdikləri təkliflərə baxıldıqdan sonra, komissiya tərəfindən açıq səsvermə yolu ilə “EVSAN” MMC investisiya müsabiqəsinin qalibi elan edilib.

“EVSAN” MMC 26 yanvar 2022-ci il tarixdə yaradılıb və 10 manat nizamnamə kapitalına sahibdir.

Müsabiqənin qalibi ilə 26 yanvar 2022-ci il tarixində imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, investor dövlət büdcəsinə 1 000 000 manat məbləğində pul vəsaitinin köçürülməsini, ümumi həcmi 1 510 000 manat təşkil edən İnvestisiya Proqramının icrasını, müəssisənin dövlət büdcəsinə olan borclarının ödənilməsini, habelə digər sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb.

“İnvestisiya Proqramına görə, dəmir-beton zavodunun qurulması, tikintidə istifadə olunan dəmir-beton dirək, müxtəlif təyinatlı tirlər, su novları, döşəmə panelləri, fasad və hasar divarları kimi məmulatların istehsalının təşkili planlaşdırılır. Layihə çərçivəsində investor tərəfindən beton qarışdırıcı, montaj texnikasının, iri tonnajlı körpülü kran, dəzgah və avadanlıqların alınması nəzərdə tutulur” – deyə Dövlət Xidmətindən bildirilir.

İnvestor tərəfindən İnvestisiya Proqramının bir il ərzində icrası, 30-dan az olmamaqla, yeni iş yerlərinin yaradılması planlaşdırılır. Müəssisənin yenidən qurulması və fəaliyyəti tikinti məmulatlarının istehsalına şərait yaratmaqla yanaşı, bu məhsullara olan tələbatın ödənilməsinə töhfə verəcəkdir.

Son xəbərlər
Digər xəbərlər
X