14 avqust tarixində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri keçiriləcək.
Banker.az Komitəyə istinadən xəbər verir ki, bu dəfə özəlləşdirməyə 80 dövlət əmlakı çıxarılıb. Bunlardan 46-sı kiçik dövlət müəssisə və obyekti, 22-si səhmdar cəmiyyəti, 9-u qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir. Kiçik dövlət müəssisələrinin əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. Bu dövlət obyektlərinin faydalı sahəsi 20 kv.m ilə 3 min 312 kv.m intervalındadır. Müəssisələr arasında Sumqayıt, Balakən və Qaxda Əmlak kompleksləri, Şəkidə istirahət zonası, paytaxtla yanaşı, digər regionlarda ticarət və xidmət sahəsi üzrə fəaliyyət göstərən dövlət əmlakları var. Sumqayıt şəhəri, Heydər Əliyev prospektindəki ticarət obyektinin faydalı sahəsi 629.9 kv.m-dir. Qeyd edək ki, bu dövlət əmlakı binanın 1-ci və 2-ci mərtəbələrində yerləşir.
Hərraca çıxarılan qeyri-yaşayış sahələrindən 5-i Bakıda, 4-ü isə Sumqayıtda yerləşir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 21.7 kv.m ilə 140 kv.m arasındadır. Paytaxtın Nizami rayonu, Qara Qarayev prospektindəki dövlət əmlakının faydalı sahəsi 27.9 kv.m-dir. Bu dövlət əmlakı investor tərəfindən ofis və ya xidmət obyekti kimi istifadə oluna bilər.
Səhmdar cəmiyyətlərinin hərraca çıxarılan səhm paketləri ümumi səhmlərin 30%-45%-ni təşkil edir. Dövlət əmlakları Bakı, Ağcabədi, Yevlax, Şirvan kimi şəhər və rayonlarda yerləşir. Potensial investorlar “Xaçmaz Mexanizasiya Nəqliyyat”, “Neftçala Ət”, “Şıxlar broyler” kimi səhmdar cəmiyyətləri üzrə seçim edə bilər.
Mitsubishi, Fiat və Nissan markalarından olan nəqliyyat vasitələrinin buraxılış tarixləri 1997-2007-ci illərdir. Avtomobillər üçün təyin olunan ilkin hərrac qiyməti isə 3 min manat ilə 4 min 200 manat arasındadır. Özəlləşməyə çıxarılan hər bir dövlət əmlakı haqqında ətraflı məlumat əldə etmək istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.