Prezident İlham Əliyev “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nın təsdiqi haqqında fərman imzalayıb.
Fərmanda Nazirlər Kabinetinə Azərbaycan prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentinə təqdim etmək tapşırılıb.
Eyni zamanda, Nazirlər Kabineti bu fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş qaydanın pozulmasına görə məsuliyyət müəyyən edən qanun layihəsini də üç ay müddətində hazırlayıb prezidentə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib prezidentə məlumat verməlidir.
Fərmana əsasən, Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində prezidentə məlumat verməli və bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Qeyd edək ki, “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası” dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmaları və borcalmanın yuxarı həddinin müəyyənləşdirilməsi ilə bağlı münasibətləri tənzimləyir.
Bu Qayda paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan bankların, bank olmayan kredit təşkilatlarının və sığorta şirkətlərinin borcalmasına şamil olunmur.
Dövlətə məxsus olan hüquqi şəxslərin dövlət zəmanəti ilə borcalması isə “Dövlət borcu haqqında” qanunu və “Dövlət zəmanəti ilə alınan kreditlərə dair sazişlərin bağlanması qaydaları haqqında” Azərbaycan Prezidentinin 2006-cı il 13 fevral tarixli 368 nömrəli fərmanına uyğun olaraq həyata keçirilir.
Qaydada dövlətə məxsus olan hüquqi şəxslər dedikdə, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan səhmdar cəmiyyəti, məhdud məsuliyyətli cəmiyyət və digər təşkilati-hüquqi formada fəaliyyət göstərən kommersiya hüquqi şəxslər, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər və bu qaydanın 2.0.1-ci yarımbəndinin 1-ci və 2-ci abzaslarında qeyd edilən hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı həmin hüquqi şəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyəti, qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdə tutulur.
Qaydada borcalma dedikdə dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasının rezidentləri və qeyri-rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə borcalma, qiymətli kağızlarla əqdlər üzrə borcalma, üçüncü şəxslərin öhdəliklərinin təmin edilməsinə dair verilmiş zəmanət üzrə borcalma, lizinq müqaviləsinin öhdəlikləri üzrə borcalma, mal, iş və xidmətlər şəklində borcalma nəzərdə tutulur.
Yeni qaydalara əsasən, dövlətə məxsus olan hüquqi şəxslər cari il iyunun 1-dək növbəti il üzrə borcalma niyyətləri və borcalmanın ümumi məbləğləri barədə məlumatı Maliyyə Nazirliyinə təqdim etməlidir. Qaydaya görə, Maliyyə Nazirliyi 30 gün ərzində borcalma niyyəti barədə müraciətləri təhlil edir və bu borcalmaların ümumi məbləğinin ölkənin növbəti il üzrə proqnozlaşdırılan makroiqtisadi və digər maliyyə və borc dayanıqlığı göstəricilərini, o cümlədən ümumi daxili məhsula nisbəti, borca xidmət xərclərinin büdcə xərclərinə nisbəti, valyuta məzənnəsini nəzərə alaraq, borcalmanın yuxarı həddinə dair təkliflərini hazırlamalı və borcalmanın yuxarı həddində nəzərə alınan investisiya layihələrini İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla Nazirlər Kabinetinə təqdim etməlidir.
Nazirlər Kabineti isə Azərbaycan prezidenti ilə razılaşdırmaqla cari il sentyabrın 15-dək növbəti il üçün dövlətə məxsus olan hüquqi şəxslərin borcalmasının yuxarı həddini müəyyən etməlidir. Borcalmanın yuxarı həddi Azərbaycan Respublikasının milli valyutası ilə müəyyənləşdirilir.
Qaydaya əsasən, Maliyyə Nazirliyi hər il yanvarın 30-dək dövlətə məxsus olan hüquqi şəxslərin əvvəlki il üzrə borcalmaları və borcalmanın yuxarı həddinə əməl edilməsi vəziyyəti barədə məlumatları Nazirlər Kabinetinə təqdim etməlidir.
Dövlətə məxsus olan hüquqi şəxs isə borcalma həyata keçirilməzdən əvvəl Maliyyə Nazirliyinə borcalmanın zəruriliyini və məqsədəuyğunluğunu əsaslandırmaqla yazılı müraciət etməlidir. Müraciətlə birlikdə, borcalmaya səbəb olan layihə və ya tədbirin texniki-iqtisadi əsaslandırılması, borcalma investisiya layihəsi ilə bağlı həyata keçirildikdə İqtisadiyyat Nazirliyinin müsbət rəyi, dövlətə məxsus olan hüquqi şəxsin müraciət olunan il üçün müvafiq qaydada təsdiq edilmiş gəlir və xərclər smetasının ilkin göstəriciləri, “Mühasibat uçotu haqqında” qanununun tələblərinə uyğun olaraq, son maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatları və auditor rəyi, dövlətə məxsus olan hüquqi şəxsin kredit təşkilatlarına borcları barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının mərkəzləşdirilmiş kredit reyestrindən çıxarış və ya kredit bürosundan müvafiq kredit tarixçəsindən kredit hesabatı, həmçinin digər borcları haqqında məlumat da aidiyyatı üzrə təqdim olunmalıdır.
Qeyd edək ki, Maliyyə Nazirliyi borcalmaya razılıq verilməsi ilə bağlı dövlətə məxsus olan hüquqi şəxsdən təqdim edilmiş sənədlərə dair izahat və əlavə məlumat tələb edə bilər.
Maliyyə Nazirliyi dövlətə məxsus olan hüquqi şəxs tərəfindən təqdim olunmuş müraciətə və bu qaydanın 4.2-ci bəndində nəzərdə tutulmuş sənədlərə 30 gündən gec olmayaraq baxmalı, borcalmaya razılıq verilməsi və ya ondan imtina barədə qərar qəbul etməli və bununla bağlı həmin hüquqi şəxsə yazılı məlumat verməlidir. Borcalmaya razılıq verilməsindən imtina edildikdə imtinanın səbəbləri məlumatda göstərilməlidir. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə dövlətə məxsus olan hüquqi şəxsə sənədlər təqdim edildiyi gündən başlayaraq 3 gündən gec olmayaraq, yazılı məlumat verilməlidir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, bu qaydanın 4.4-cü bəndinə uyğun baxılaraq, borcalmaya razılıq verilməsi barədə qərar qəbul edilməlidir.
Borcalma layihə ilə bağlı həyata keçirildikdə, Maliyyə Nazirliyi layihənin xüsusiyyətlərindən asılı olaraq, dövlətə məxsus olan hüquqi şəxsdən aidiyyəti dövlət orqanlarının (dövlət təşkilatlarının) rəyinin alınmasını tələb etməli və ya müvafiq rəyin alınması üçün dövlət orqanlarına (dövlət təşkilatlarına) müraciət etməlidir. Bu halda borcalmaya razılıq verilməsinə dair müraciətə baxılma müddəti bu qaydanın 4.7-ci bəndində göstərilən müddətə uzadılır. Rəy alınması üçün aidiyyəti dövlət orqanına (dövlət təşkilatına) göndərilmiş müraciətə 10 iş günü müddətində baxılaraq müvafiq rəy verilir. İnvestisiya layihəsi ilə bağlı müvafiq rəyin alınması üçün borcalan bu qaydanın 4.2.1–4.2.5-ci yarımbəndlərində müəyyən olunmuş sənədləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edir. İqtisadiyyat Nazirliyi müvafiq sənədlərə onların təqdim edildiyi gündən başlayaraq 20 iş günündən gec olmayaraq baxır və rəy bildirir. Borcalmanın dövlətə məxsus olan hüquqi şəxsin dövlət büdcəsi qarşısında öhdəliyinin və borcalma tarixinə mövcud digər öhdəliklərinin yerinə yetirilməsinə mane olacağına dair əsaslar aşkar olunduqda, bu qaydada nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə, təqdim edilən sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda və aidiyyəti dövlət orqanı (dövlət təşkilatı) mənfi rəy verdikdə, yaxud borcalma bunun üçün müəyyən edilmiş yuxarı həddi keçdikdə borcalmaya razılıq verilməsindən imtina edilir. Maliyyə Nazirliyi bu Qaydanın 4.9-cu bəndində nəzərdə tutulmuş imtina halları olmadıqda, dövlətə məxsus olan hüquqi şəxsin borcalmasına razılıq verir. Borcalmaya verilmiş razılıq müvafiq ilin sonunadək qüvvədə qalır. Borcalma bu müddət ərzində həyata keçirilmədikdə, verilmiş razılıq qüvvəsini itirmiş hesab olunur.
Dövlətə məxsus olan hüquqi şəxs borc müqaviləsi imzalandıqdan sonra, 3 iş günündən gec olmayaraq, bu barədə Maliyyə Nazirliyinə, investisiya layihələri üzrə eyni zamanda İqtisadiyyat Nazirliyinə məlumat verməlidir.
Borcalmaya razılıq verildikdən sonra dövlətə məxsus olan hüquqi şəxs borc müqaviləsi qüvvədə olduğu müddətdə hər rüb üçün maliyyə hesabatlarını, “Mühasibat uçotu haqqında” qanununun tələblərinə uyğun olaraq hər ilin yekunu üzrə auditor yoxlamasından keçmiş maliyyə hesabatlarını və auditor rəyini Maliyyə Nazirliyinə təqdim etməlidir.
Qeyd edək ki, dövlətə məxsus olan hüquqi şəxslərin borcalmasına razılıq verilməsi onun borcalma üzrə öhdəliklərinə dövlət zəmanəti verilməsi kimi qəbul edilə bilməz.