Dələduzluq və torpaq üzərində mülkiyyət hüququnun pozulması yolu ilə xüsusilə ağır cinayət törətməkdə ittiham olunan 11 nəfərin hamısı azadlıqdadır. Onlar Əliyev Qalib Mirzə oğlu, Hüseynov Anar Rafiq oğlu, Əşrəfov Ceyhun Adil oğlu, İsmayılov Araz Əziz oğlu, Quliyev Amin Fərhad oğlu, Məmmədov Arif Ələsdan oğlu, Rəsulov Vidadi Əlqəmə oğlu, Qəhrəmanov İlqar İsmayıl oğlu, Vahidov Orxan Mustafa oğlu, Dəmirov Ceyhun İkram oğlu və Novruzov Səfa Abbasqulu oğludur.
Prokurorun elan etdiyi ittihamda deyilir ki, təqsirləndirilən şəxslər cinayətkar qrup halında birləşərək qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan 25 hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına zəbt ediblər. Sonradan isə planın davamı olaraq həmin torpaqları ayrı-ayrı şəxslərə satıblar. Pul verib torpaq alan şəxslər indi iş üzrə zərərçəkmiş qismində tanınıb. Zərərçəkmişlərdən bəziləri aldıqları torpaq üzərində ev də tikiblər.
Əldə edilən məlumata görə, təqsirləndirilən şəxslərdən biri MMA döyüş idman növü üzrə tanınmış idmançı Anar Hüseynovdur. Anar 2017-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən WMMAF dünya çempionatında qızıl medal qazanıb, dünya çempionu olub.
İttihamda yazır ki, Anar Hüseynov Ceyhun Əşrəfov və Qalib Əliyev ilə əlbir olaraq kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına tutub, sonradan həmin torpaqları satmaq və uzunmüddətli icarəyə verməklə dələduzluq yolu ilə 1 milyon 200 min manat pul ələ keçiriblər. Dövlətə dəymiş ümumi ziyan isə 4 milyon manatdan çoxdur.
Lakin o, heç bir epizod üzrə ittihamı qəbul etmir, yekunda barəsində bəraət hökmü çıxarılmasını istəyir. Verilmiş ittihamlar (CM-178.4 və 188.3) təsdiqini tapsa, müttəhimləri 10 ildən çox həbs cəzası gözləyir.






