2000-ci ildən sonra Azərbaycanda tikilmiş və dövlətin istismarına icazə verdiyi binaların hamısı istənilən zəlzələyə davamlıdır.
Bunu Bakıda keçirilən “Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, tənzimlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həlli yolları” mövzusunda konfransda Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib.
O, ölkədə tikilən binaların zəlzələyə davamlı olmaması ilə bağlı iddialara münasibət bildirib.
“Bir neçə ay əvvəl Türkiyədə baş vermiş zəlzələnin nəticələrini araşdıran bəzi şirkətlərlə görüşlərimiz olub. Biz bilirik ki, orada olan dağıntıların bir çoxu binalar istifadəyə verildikdən sonra həmin mənzillərdə aparılmış qeyri-qanuni planlaşdırma işlərinin və konstruktiv dəyişikliklərin nəticəsində baş verib”, – deyə rəis müavini qeyd edib.
“Bizim bəlamız heç də tikinti müddətində binanın keyfiyyətinə pis nəzarət olunması və yaxud da binanın pis tikilməsi ilə bağlı deyil. Bəlamız binaların tikintisi başa çatdıqdan sonra istifadəçilərin binaların başına açdıqları “oyun”larla əlaqədardır. Hətta zirzəmilərdə qaraj yaradırlar. Belə ki, zirzəmidə ikitərəfli hərəkəti təmin etmək üçün bir sütunun yarısını kəsib götürən bir tikinti şirkəti ilə qarşılaşdıq. Bir sütunun yarısını götürmək bütün binanı fəlakətə düçar etmək deməkdir”, – deyə E.Əsədov əlavə edib.