14 C
Baku
Sunday, November 24, 2024

Dövlət Agentliyi: “Bəzi internet provayderləri digər rəqiblərini nüfuzdan salan məlumatlar yayır”

Azərbaycanın bəzi internet provayderlərinin biznes fəaliyyətləri haqqında istehlakçılar arasında əsassız məlumatların yayılması barədə şikayətlər daxil olmaqdadır.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) bildirilib.

Telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumun açıqlamasına görə, bəzi bazar iştirakçılarının əməkdaşları və xidmət satışı ilə məşğul olan şəxslər digər provayderlərin abunəçiləri ilə fərdi qaydada görüşərək onlara xidmət göstərən provayderin təsərrüfat fəaliyyəti haqqında həqiqətə uyğun olmayan şayiələr, o cümlədən provayderin fəaliyyətini dayandıracağı, müflis olması, külli miqdarda borcunun olması və bu kimi nüfuzdan salan məlumatlar yayır.

“Şikayətçi provayderlər ehtimal edir ki, bu addımla həmin internet provayderlər abunəçini xidmətdən imtina etməyə sövq edərək öz tərəflərinə çəkmək məqsədi güdür. İKTA bazardakı bu cür sui-istifadə hallarından narahatdır və bildirir ki, istehlakçılar bu məlumatların doğruluğunu öz provayderləri ilə dəqiqləşdirə bilərlər. Eyni zamanda istehlakçılar internet provayderlərin mövcud siyahısı ilə bu linkdə tanış ola və provayderin fəaliyyətdə olub-olmamasını müstəqil şəkildə yoxlaya bilərlər. İnternet provayderlərin uçota alınmadan fəaliyyəti “Telekommunikasiya haqqında” qanunun pozulması halıdır və belə halların qarşısı qanun çərçivəsində alınacaq”, – deyə açıqlamada qeyd olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər