18 C
Baku
Friday, November 22, 2024

Dövlət Agentliyi: “Ölkədaxili istehlakda yerli taxılın payı ciddi şəkildə artacaq”

“Yaxın gələcəkdə ölkəmizin taxılla təminatını tam olaraq yerli mənbələr hesabına təmin etmək mümkün olmasa da, ölkədaxili istehlakda yerli məhsulun payını ciddi şəkildə artımına və bununla da ərzaq təhlükəsizliyimizə sanballı töhfə vermək mümkündür”.

Bunu Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri Səbuhi Sadıqov bildirib.

O, rəhbərlik etdiyi Dövlət Ehtiyatları Agentliyinin ötən il yaradılmasını məhz ərzaq təhlükəsizliyinin təmin olunması baxımından vacib addım kimi qiymətləndirib.

Onun sözlərinə görə, qurumun səlahiyyətlərinə təkcə strateji ərzaq ehtiyatlarının toplanması deyil, həm də tənzimləyici funksiyalar da aiddir.

S.Sadıqov vurğulayıb ki, ərzaq məhsulları qiymətlərindəki kəskin dalğalanmaların qarşısının alınması, sabit tədarük prosesinin təmin olunması kimi funksiyalar daşıyan Dövlət Ehtiyatları Agentliyi bu funksiyaları yerinə yetirmək üçün lazım gəldikdə bazara məhsul intervensiyaları ilə də müdaxilə etmək səlahiyyətinə malikdir: “Dövlət ehtiyatları ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır”.

O, həmçinin Prezident İlham Əliyevin yerli istehlakçılar hesabına ölkənin ərzaq taxılı təminatının artırılması barədə müvafiq sərəncamına diqqət çəkərək bu çərçivədə kompleks tədbirlərin həyata keçirildiyini bildirib.

“Məhz bu sənəddə ilk dəfə taxıl üzrə dövlət alış qiyməti anlayışı müəyyənləşdərilib. Bu anlayış istehsalçılara bazar qiymətlərindən asılı olmayaraq, istehsal edilən taxılın dövlət tərəfindən əvvəlcədən müəyyənləşdirilmiş qiymətə alınmasına təminat verir. Belə olduqda istehsalçılar qlobal qiymət dəyişikliklərindən sığortalandıqları üçün keyfiyyətli yekunməhsulun əldə edilməsi təmin olunur.

Bu tədbirlər sayəsində yaxın gələcəkdə ölkəmizin taxılla təminatını tam olaraq yerli mənbələr hesabına təmin etmək mümkün olmasa da, ölkədaxili istehlakda yerli məhsulun payını ciddi şəkildə artırma və bununla da ərzaq təhlükəsizliyimizə sanballı töhfə vermək mümkündür”, – S.Sadıqov bildirib.

O həmçinin, vurğulayıb ki, Dövlət Ehtiyatları Agentliyi xarici ixracatçılarla da fəal şəkildə işləyir və təcrübə, eləcə də texnologiya mübadiləsinə xüsusi önəm verir.

Qeyd edək ki, Nazirlər Kabinetinin Sərəncamına əsasən ərzaqlıq buğdanın istehsal xərcləri (maya dəyəri) və istehsalçının mümkün qazancı nəzərə alınmaqla, Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsində göstərilən keyfiyyət göstəricilərinə uyğun yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2022-ci il üçün 580 manat müəyyən edilib.

Bu həftənin əvvəlində buğda fyuçersləri üç aylıq maksimuma çatdıqdan sonra azalıb. Çikaqoda yumşaq qış buğdası üzrə dekabr kotirovkaları bir ton üçün 335.1 ABŞ dollaradək, Kanzas Sitidə sərt qış buğdası üzrə dekabr fyuçersləri bir ton üçün 363.3 ABŞ dollaradək, MGEX sərt yazlıq buğdanın dekabr fyuçersləri isə 360.08 ABŞ dollarınadək azalıb.

Buğda fyuçerslərinin aşağı düşməsi ABŞ-ın məhsulu üçün aşağı qiymətləndirmələr və Ukraynada artan gərginliyin qlobal tədarük risklərinə yenidən diqqəti cəlb etməsindən sonra baş verib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər