9 C
Baku
Monday, November 18, 2024

Dövlət Agentliyində yoxlama aparılıb, materiallar Baş Prokurorluğa göndərilib

Hesablama Palatası 2022-ci il üzrə İş planına uyğun olaraq Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və tabeliyində olan qurumlara ayrılmış dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasına dair uyğunluq auditi aparılıb.

Bu barədə Hesablama Palatasından bildirilib.

Qeyd edilib ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi (Agentlik) və tabeliyində olan qurumlarda (seçmə qaydada) 2022-ci ilin iş Planına uyğun olaraq keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbiri peşə təhsilinin təşkili, təlim fəaliyyətinin həyata keçirilməsi, həmçinin qəbul edilmiş strategiya və planların icrası istiqamətində ayrılmış dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının, eləcə də mühasibat uçotunun aparılmasının və maliyyə hesabatlarının tərtibinin qüvvədə olan hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyıb.

Audit zamanı peşə təhsili müəssisələrinin fəaliyyətinin və tədrisin təşkilinin dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunması ilə qarşılıqlı təsiri, həmçinin vəsaitin kadr hazırlığı məqsədilə ayrıldığı nəzərə alınaraq funksional fəaliyyətlə bağlı məsələlərə diqqət yetirilib və dövlət strategiyalarında nəzərdə tutulmuş hədəflərin reallaşmasına təsir elan amillər təhlil olunub.

Müvafiq əmrlərlə publik hüquqi şəxs formasında yaradılan peşə mərkəzlərinə məqsədli vəsaitlərin ödənilməsi ilə bağlı hüquqi aktların tələblərinə əməl edilməyərək dövlət sifarişinə dair müqavilələrin bağlanılması təmin edilməyib, sifariş və hesabat formaları tərtib olunmayıb. Bu isə öz növbəsində, dövlət büdcəsindən ayrılmış vəsaitlərin peşə mərkəzləri tərəfindən hüquqi formasına uyğun olmayaraq büdcə təşkilatları ilə analoji şəkildə idarə olunması ilə nəticələnib, eyni zamanda vəsaitlərin istifadəsinə nəzarət mexanizmlərinin tətbiqinə çətinlik yaradıb.

Nəzərə çatdırılıb ki, bir sıra peşə təhsili müəssisələrinin zəruri müvafiq avadanlıqlarla təchiz edilmədiyi və emalatxanalar yaradılmadığı halda, bəzi ixtisaslar üzrə tədrisin təşkil olunduğu müəyyən edilib ki, bu da, öz növbəsində tələbələrin davamiyyət səviyyəsinə təsir göstərib.

Müəllimlərin hüquqi aktların tələblərinə tam amal edilmədən tədrisə cəlb olunması, əvəzetmə qaydasında tədris olunan dərslərin qeydiyyatının aparılmaması və faktiki olaraq digər şəxslər tərəfindən tədris olunması keyfiyyətli peşə təhsilinin təqdim edilməsi, səriştəli kadrların yetişdirilməsi və əmək bazarına inteqrasiyası ilə bağlı hədəflərin tam və vaxtında reallaşdırılmasına təsir göstərən amil kimi qiymətləndirilib, artıq ştatlar saxlanılmaqla dövlət vəsaitinə əlavə tələbat yaradılıb.

Eləcə də, büdcədənkənar fəaliyyət məhdud sayda müəssisə və istiqamətlər üzrə təşkil edilməklə daha çox əlavə gəlir əldə etmək imkanlarından istifadə olunmayıb, peşə təhsili müəssisələri tərəfindən fəaliyyətin düzgün həyata keçirilməməsi, bu istiqamətdə nəzarət mexanizmlərinin tətbiq edilməməsi birgə fəaliyyət müqavilələrinin əlverişli olmayan şərtlərlə bağlanılmasına, dövlət əmlakının bəzi hallarda birgə fəaliyyət müqavilələri çərçivəsində faktiki olaraq, bəzi hallarda isə hüquqi aktların tələblərini pozmaqla icarəyə verilməsinə səbəb olub.

Nizamnamələrdə müəyyən edilmiş vəzifələrin icrasının, eləcə də vəsaitlərin idarə edilməsi ilə bağlı zəruri nəzarət sisteminin təmin olunmaması vəsaitin təyinatının dəyişdirilməsi ilə yanaşı, bir sıra hallarda büdcədənkənar vəsait hesabına ödənilməli olan xərclərin büdcə vəsaiti hesabına maliyyələşdirilməklə xərclərin maliyyələşmə mənbələrinin dəyişdirilməsinə şərait yaradıb. Auditin əhatə etdiyi tədris illəri üzrə bəzi hallarda dərs saatlarının normalarına əməl edilməməsi artıq dərs saatlarının nəzərdə tutulması, eləcə də siniflərin düzgün kompleksləşdirilməməsi artıq və əlavə vəsait ödənişi ilə nəticələnib.

Agentliklə yanaşı peşə təhsili müəssisələrinin vəsaitlərinin əsas hissəsinin əməyin ödənişi xərclərinin təşkil etməsinin bu istiqamətdə analitik prosedurların daha geniş tətbiqinə yaratdığı zərurət diqqətə alınaraq ödəniş müəssisələri tərəfindən təqdim edilmiş məlumat bazaları üzrə hesablanmış əmək haqqı və ödənilmiş məbləğlərin müqayisəsi həyata keçirilib, bir sıra hallarda bu məlumatlar uyğunsuz olub və artıq vəsait sərf edilib.

Dövlət büdcəsi xərclərinin nəticə əsaslı yanaşma tətbiq edilməklə proqnozlaşdırılması və icrasına keçid məqsədi ilə tətbiq edilən Ortamüddətli Xərclər Çərçivəsində peşə təhsili ilə bağlı müəyyən olunmuş hədəf indikatorlarının əsaslı şəkildə müəyyənləşdirilməməsi bəzi hallarda nəzərdə tutulmuş və icra edilmiş göstəricilər arasında nəzərəçarpacaq fərqlərə səbəb olub, bir sıra hallarda isə inkişaf meylinin keyfiyyətini təqdim etmək imkanları məhdudlaşıb, bəzi hallarda monitorinq indikatorlarının müəyyənləşdirilməməsi məqsəd- nəticə uyğunluğunun qiymətləndirilməsinə şərait yaratmayıb.

Təhsil müəssisələrinin fəaliyyətinin, bu müəssisələrin maddi-texniki təminatının, eləcə də tədrisin təşkili ilə bağlı yol verilmiş nöqsanlar məzunların öz ixtisasları üzrə çalışma göstəricilərinə təsir göstərib, bəzi ixtisaslar üzrə ümumilikdə, eləcə də bir sıra peşə təhsili müəssisələrində tədris olunan ixtisaslar üzrə məzunların məşğulluq səviyyəsi çox aşağı olub, özəl sektorla əməkdaşlıq çərçivəsinin dar istiqamətlər üzrə müəyyənləşdirilməsi bu sahəyə təsir edən əsas amillər olaraq qiymətləndirilib.

Dövlət ehtiyaclarının ödənilməsi məqsədilə satınalmaların keçirilməsində rəqabətli metodların tətbiqinə üstünlük verilməməsi fonunda planlaşdırma düzgün və vaxtında aparılmayıb, tələbatın dəqiq müəyyənləşdirilməməsi öhdəliyə götürülməyən kreditor borcların yaranması ilə nəticələnib. Ehtimal olunan qiymətin hesablanılması və müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı fəaliyyətin təşkil edilməməsi fərqli qiymətlərin tətbiq olunması ilə eyni işlərin illər üzrə daha baha qiymətə alınmasına və yerinə yetirilməyən işlərə vəsait ödənilməsinə şərait yaradıb.

Mühasibat uçotunun aparılması ilə bağlı hüquqi aktların tələblərinə tam əməl edilməməsi, aktivlərinin uçotunun düzgün təşkil olunmaması və müvafiq qaydada xərcə silinməməsi bəzi hallarda əsas vəsaitlərin faktiki mövcudluğunun təsdiqlənməsi imkanlarını məhdudlaşdırıb, eyni zamanda hesabatlarda təhriflərə də səbəb olub. Uçotun düzgün qurulmaması, bağlanmış müqavilə şərtlərinin icrasının təmin edilməməsi və dövlət maliyyəsinə cari nəzarət mexanizmlərində nöqsanlar gəlirlərin tam toplanmaması ilə yanaşı, qanunvericiliyin tələblərinə zidd olmaqla cari ilin xərclərinin növbəti ilin dövlət vəsaiti hesabına ödənilməsi ilə nəticələnib.

Hesablama Palatasının Kollegiyası tərəfindən qəbul edilmiş qərarda əməyin ödənilməsi ilə bağlı xərclərdə cinayət ehtimalı diqqətə alınaraq müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərildiyi, artıq ödənilmiş əmək haqları, təqaüdlər va təhsil haqqı üzrə 206.8 min manat məbləğində artıq icra olunmuş vəsaitin və 22.3 min manat dəyərində çatışmazlığın bərpa edildiyi, 14.3 min manat dəyərində aktivlərin müvafiq qaydada uçota götürüldüyü nəzərə alınıb. 481.0 min manat vəsaitin bərpası ilə bağlı tədbirlər müəyyənləşdirilib. Eləcə də, qərarın icrasının təmin edilməsi məqsədilə peşə təhsili ilə bağlı hüquqi aktlarda müəyyən edilmiş uyğunsuzluqlarla bağlı Nazirlər Kabinetinə, digər maliyyə pozuntu halları üzrə Maliyyə Nazirliyinə məlumat verilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər