Azərbaycanın ən iri bankı ABB-nin (“Azərbaycan Beynəlxalq Bankı” ASC) 31 dekabr 2022-ci il tarixinə 2017-ci ilin sentyabr ayında buraxılmış, kupon dərəcəsi illik 3.5% olan və müddəti 2024-cü ilin sentyabr ayınadək olan bir sinif Avrobondları və ya Avroistiqraz olub.
Banker.az xəbər verir ki, ABB-nin 2022-ci il üzrə audit hesabatında deyilir.
ABB bu Avrobondlar üzrə qeyri-maliyyə şərtlərinin yerinə yetirilməsinə görə öhdəlik daşıyır. 31 dekabr 2022-ci il tarixinə bank qeyd olunan şərtləri yerinə yetirib.
2022-ci ildə Qrup 262.94 mln. manat (2021-ci il: 852.46 mln. manat) nağd ödənişlə avrobondları geri alıb ki, bunun nəticəsində 11.08 mln. manat (2021-ci il: 71.52 mln. manat) məbləğində zərər edib. Göründüyü kimi, ABB zərər etsə belə, portfelində olan xarici borcu azaltmaqdadır, halbu ki, onların bitmə tarixinə iki il qalıb.
Beləliklə, Avrobondlar üzrə bankın öhdəlikləri 723.03 mln. manatdan 483.94 mln. manata düşüb.
Qeyd edək ki, 2022-ci ilin iyun ayında bank kupon dərəcəsi illik 6% təşkil edən və müddəti 2024-cü ilin iyun ayınadək olan, ümumi nominal dəyəri 20 mln. manat olan istiqrazlar buraxmışdır.
Qeyd edək ki, Avroistiqraz — emitentə xarici valyutada buraxılmış, beynəlxalq anderrayterlər sindikatının köməyi ilə bu valyutanın da xarici olduğu xarici investorlar arasında yerləşdirilən istiqrazdır.