“Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
“Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində iş başlanıb. Bu layihələr müzakirə prosesindədir və hazır olduqca imzalanmaq üçün təqdim ediləcək. Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər də bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir”.
“Qeyd etməyə şadam ki, bizim qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır. Nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovğasına çevrilməsi üçün yaxşı təməl yaradır”, – Prezident İlham Əliyev vurğulayıb.