2021-ci ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər üzrə 2198,8 milyon manat həcmində vəsait nəzərdə tutulub.
Bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb.
Hesabatda bildirilir ki, həmin vəsaitin 2031,7 milyon manat həcmində hissəsinin xarici dövlət borcu üzrə (1565,4 milyon manatı əsas, 466,3 milyon manatı isə faiz ödənişləri), 167,1 milyon manat həcmində hissəsinin isə daxili dövlət borcu (6,9 milyon manatı əsas, 160,2 milyon manatı isə faiz ödənişləri) üzrə öhdəliklərə xidmət edilməsi proqnozlaşdırılıb. Bunun müqabilində hesabat ilində xarici dövlət borcu üzrə 1878,7 milyon manat (1512,5 milyon manat əsas borc və 366,2 milyon manat faiz borcu), daxili dövlət borcu üzrə isə 165,4 milyon manat (6,9 milyon manat əsas borc və 158,5 milyon manat faiz borcu) dövlət borcu və öhdəliklərinə xidmət edilməsinə yönəldilib.
2021-ci il ərzində bir sıra xarici borc öhdəlikləri üzrə faiz dərəcələrinin tərkib hissəsini təşkil edən istinad dərəcələrinin (LİBOR, EURİBOR və s.) beynəlxalq maliyyə təşkilatlarının proqnozlarından aşağı olması faiz ödənişlərinin, avro, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) və yapon yeninin məzənnələrində baş verən azalmalar və icrası davam etdirilən layihələr üzrə icraçı qurumlar tərəfindən kredit vəsaitlərindən zəif istifadə edilməsi əsas borc ödənişlərinin proqnozlaşdırılandan az icra olunmasına səbəb olub. Bunun nəticəsi olaraq 2021-ci ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclərdən 154,6 milyon manat məbləğində vəsaitə qənaət olunub. Qeyd olunan vəsait “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”na köçürülüb.
Eyni zamanda, qeyd edilməlidir ki, dövriyyədə olan dövlət qiymətli kağızları üzrə vaxtı çatan 692,9 milyon manat həcmində əsas borc ödənişlərinin yenidən maliyyələşdirilməsi, habelə dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi üzrə 1300,0 milyon manat məbləğində olmaqla, 2021-ci il ərzində ümumilikdə 1992,9 milyon manat məbləğində dövlət qiymətli kağızlarının emissiyası nəzərdə tutulurdu. Bununla belə, ötən il ərzində daxili maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazlarından dövlət büdcəsinə 1497,3 milyon manat məbləğində vəsait daxil olub ki, bu vəsaitin 692,9 milyon manat həcmində hissəsi dövriyyədə olan dövlət qiymətli kağızları üzrə vaxtı çatan əsas borc ödənişlərinin yenidən maliyyələşdirilməsinə yönəldilib. Hesabat ili ərzində dövlət büdcəsi gəlirlərinin dövlət büdcəsi xərclərini üstələməsi səbəbindən yerdə qalan vəsaitin 800,0 milyon manat hissəsi xarici dövlət borcu üzrə bir sıra öhdəliklərin (470,6 milyon ABŞ dolları) vaxtından əvvəl ödənilməsinə yönəldilib. Nəticə etibarı ilə 2021-ci il ərzində dövlət borclarının yenidən maliyyələşdirməsi üzrə həyata keçirilən əməliyyatların həcmi 1492,9 milyon manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 783,3 milyon manat çoxdur.