Müəllif: Xəyal İsmayılov
İlk öncə büdcə kəsiri və büdcə profisiti terminlərinin nə olduğunu aydınlaşdıraq. Büdcə kəsiri Büdcə sistemi haqqında AR Qanununa əsasən: büdcə xərclərinin gəlirlərlə təmin olunmayan məbləğidir. Büdcə profisiti isə büdcə gəlirlərinin büdcə xərclərindən artıq olan məbləğidir.
Dövlət büdcəsində kəsir yarandıqda defisitin aradan qaldırılması üçün dövlət bu və ya digər mənbələrdən borc kapitalı cəlb edir. Bu istiqrazların buraxılması, xarici ölkələrdən və maliyyə qurumlarından borc kapitalı cəlb etmək və s. üsulla həyata keçirilə bilər.
Büdcədə defisitin olması ilk növbədə milli əmanətlərin həcminin azalmasına səbəb olur. Dünya ölkələrinin inkişaf təcrübəsi göstərir ki, əmanətlərin həcminin azalması iqtisadi inkişafa mənfi təsir edir. Dövlət büdcə kəsirini aradan qaldırmaq üçün borc kapitalı cəlb etdikdə investisiyaları maliyyələşdirmək üçün olan fondların azalmasına səbəb olur. Büdcə kəsiri borc verilə bilən vəsaitlərin həcmini azaltdığı üçün borc faiz dərəcəsinin artmasına səbəb olur. Dövlət büdcə kəsiri milli əmanətlərin və investisiyaların azalmasına və borc kapitalı qiymətinin qalxmasəna səbəb olur ki, bu da iqtisadi inkişafa mənfi təsir edir.
Büdcə profisiti isə büdcə defisitinin əksinə olaraq iqtisadi inkişafa müsbət təsir göstərir, dövlət borclarının ödənilməsinə şərait yaradır.
Qeyd edim ki, 01 yanvar 2015-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 6,478.2 milyon ABŞ dolları (5,081.5 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8.6 faiz təşkil etmişdir. Borc vəsaitlərinin 7.3%-i 10 ilə qədər, 60.2%-i 10 ildən 20 ilə qədər, 32.5%-i isə 20 ildən artıq olan müddətə cəlb olunmuşdur. Adambaşına düşən dövlət borcunun həcmi isə 675 ABŞ dollarına ekvivalentdir.
Tarixən dövlət borcunun həcminin artmasına səbəb müharibələr olmuşdur. Müharibə şəraitində dövlətin borc maliyyəşləşdirilməsini həyata keçirməsi fikrini əsaslandırmaq üçün iki fikir mövcuddur: 1) Vergiləri sabit saxlamaq; 2) Müharibənin borc götürülərək maliyyələşdirilməsi müharibəyə sərf edilən vəsaitlərin bir hissəsini gələcək nəsillərə ötürmüş olur.
Müharibə şəraitində vergilərin kəskin qaldırılaraq dövlətin maliyyələşdirilməsi iqtisadi inkişafın kəskin azalmasına səbəb ola bilər. Həm də, müasir dövrdə ölkənin yadelli işğalçılardan qorunması gələcək nəsillərə də fayda vermiş olacaqdır.