1 C
Baku
Saturday, December 14, 2024

Dövlət büdcəsi gəlirlərinin icra vəziyyəti açıqlanıb

Hesablama Palatası 2023-cü ilin yanvar-aprel aylarında dövlət büdcəsi gəlirlərinin icra vəziyyətini açıqlayıb.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə Hesablama Palatasının Rəyi”ndə əksini tapıb.

Qeyd edilib ki, 2023-cü ilin yanvar-aprel aylarında dövlət büdcəsi gəlirlərinin aylar üzrə proqnoz və icra göstəriciləri arasında fərqlər müşahidə olunmuş, əksər gəlir inzibatçıları üzrə proqnoz artıqlaması ilə icra edilmişdir. 2023-cü ilin ilk 4 ayı üzrə dövlət büdcəsi gəlirlərinin icrası fevral ayı istisna olmaqla, digər aylarda proqnozu üstələyib.

Qeyd olunan dövr ərzində icranın proqnozu ən çox üstələdiyi göstərici yanvar ayında müşahidə edilib. Yanvar ayında dövlət büdcəsi gəlirlərinin faktiki icrası 4006.5 mln. manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 470.6 mln. manat və yaxud 13.3% çox olmaqla 4 ayda icra edilmiş cəmi büdcə gəlirlərinin 32.9%-nə bərabərdir. Qeyd edək ki, yanvar ayı üzrə proqnozla müqayisədə ən çox icra mütləq ifadədə DVX xətti ilə daxilolmaların, nisbi ifadədə isə sair gəlirlərin payına düşür. Yanvar ayında DVX xətti ilə daxilolmalar proqnozla müqayisədə 44.1% çox olmaqla 3118.4 mln. manat, sair gəlirlər isə proqnozdan 71.1% çox olmaqla 23.1 mln. manat təşkil etmişdir. Yanvar ayında DVX xətti ilə daxilolmaların yüksək icrası əsasən hasilatın pay bölgüsü sazişləri üzrə podratçı tərəflərin mənfəət vergisi üzrə daxilolmaların 1227.8 mln. manat çox olması ilə bağlıdır. İcranın proqnozdan aşağı olduğu göstərici fevral ayında qeydə alınmışdır. Fevral ayında dövlət büdcəsi gəlirlərinin faktiki icrası 1870.9 mln. manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 116.5 mln. manat və yaxud 5.9% az olmaqla ilk 4 ayda icra edilmiş cəmi büdcə gəlirlərinin 15.4%-nə bərabərdir. Qeyd edək ki, fevral ayı üzrə aşağı icra proqnozla müqayisədə Dövlət Neft Fondundan transfertlərin 337.0 mln. manat, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların isə 11.9 mln. az olması ilə əlaqədardır. Ümumiyyətlə, 2023-cü ilin ilk 4 ayında Dövlət Neft Fondundan transfert istisna olmaqla, digər inzibatçı qurumlar üzrə icra proqnozu üstələmiş, məqsədli büdcə fondlarının qalığı üzrə isə nəzərdə tutulmuş vəsait icra edilməyib.

 

Qeyd edilib ki, cari ilin 4 aylıq məlumatlarının təhlili bəzi mədaxil mənbələri üzrə gəlir icra edildiyi halda, yenidən baxılma zamanı bu mənbələr üzrə gəlir nəzərdə tutulmadığını, bəzi mənbələr üzrə 4 aylıq icranın illik proqnozu üstələdiyini göstərir. 2023-cü ilin yanvar-aprel aylarında dövlət büdcəsi gəlirlərinin təsnifatına əsasən aparılan təhlillər bəzi gəlir mənbələri üzrə ilk 4 ayda icra təmin edilsə də, yenidən baxılma zamanı bu istiqamətdə gəlir nəzərdə tutulmadığını göstərir. Bundan əlavə, gəlirlərin təsnifatı üzrə bəzi maddə və yarımmaddədə 4 aylıq icra illik proqnozu üstələmiş, bəziləri üzrə isə illik proqnozun 80%-i ilk 4 ayda yerinə yetirilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər