2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycan Respublikası dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 292 milyon 704,3 min manat məbləğində vəsait geri qaytarılıb.
Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat verib.
Geri qaytarılan vəsaitlər əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına, fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərdə, eləcə də işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərində ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.
Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları da vətəndaşlara geri qaytarılıb.
Dövlət Vergi Xidməti açıqlayıb ki, 2025-ci ilin yanvar–noyabr aylarında istehlakçılara ƏDV qaytarışı artıb. Pərakəndə ticarət, iaşə, mədəniyyət və tibbi xidmətlər üzrə ödənişlərə görə müvəkkil banklar vasitəsilə 172 milyon 323.4 min manat geri qaytarılıb. Eyni dövrdə xarici vətəndaşlara “tax free” mexanizmi ilə 9 milyon 819.7 min manat ödənilib. Bundan əlavə, yaşayış və qeyri-yaşayış sahələrinin alışı zamanı ödənilmiş ƏDV üzrə istehlakçılara 28 milyon 263.7 min manat qaytarılıb.







