10 C
Baku
Wednesday, November 27, 2024

Dövlət büdcəsinin icrasında profisit yaranıb

2018-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 4562,9 mln. manat, xərcləri 4408,0 mln. manat olmuş, 154,9 mln. manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranmışdır.

Gəlirlər

2018-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 4428,5 mln. manat proqnoza qarşı 4562,9 mln. manat və yaxud 134,4 mln. manat (3,0 faiz) çox olmuşdur.  Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 1436,5 mln. manat vəsait daxil olmuşdur ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 15,8 mln. manat və ya 1,1 faiz çoxdur.
Həmin vəsaitin 67,5 faizi və yaxud 969,7 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

2018-ci ilin birinci rübündə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 726,9 mln. manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,3 faiz və yaxud 155,8 mln. manat çoxdur. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 79,3 mln. manat təşkil etmişdir.

Sair daxilolmalar üzrə büdcəyə 21,2 mln. manat vəsait daxil olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 71,0 faiz və yaxud 8,8 mln. manat çoxdur.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 2299,0 mln. manat vəsait transfert edilmişdir.

Xərclər

2018-ci ilin birnici rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 108,8 faiz və yaxud 4408,0 mln. manat icra olunmuşdur.

İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 40,0 faizi və ya 1761,3 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz və ya 125,6 mln. manat çoxdur.

2018-ci ilin birinci rübündə dövlət büdcəsi xərclərinin 2299,1 mln. manatı və ya 52,2 faizi cari xərclərə, 1627,2 mln. manatı və ya 36,9 faizi əsaslı xərclərə, 481,7 mln. manatı və ya 10,9 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.
Cari ilin birinci rübündə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 168,9 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 655,6 mln. manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə 21,2 mln. manat vəsait yönəldilmişdir.

2018-ci ilin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilmişdir.

İcmal büdcə

Cari ilin birinci rübündə icmal büdcənin gəlirləri 7062,5 mln. manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1412,9 mln. manat və ya 25,0 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 4757,9 mln. manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1994,8 mln. manat və ya 29,5 faiz azdır.
İcmal büdcədə 2304,6 mln. manat artıqlıq (profisit) yaranmışdır.

Son xəbərlər
Digər xəbərlər