11 C
Baku
Wednesday, December 11, 2024

Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməməyə görə cəza sərtləşdirilir

Azərbaycanda dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməməyə görə cəzanın sərtləşdirilməsi və satınalma prosedurları keçirilmədən dövlət vəsaitləri ilə bağlı hər hansı prosesi həyata keçirmək cinayət məsuliyyəti yaradacaq.

Cinayət Məcəlləsinin hazırki 308-1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddəsinə əsasən, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə, bu əməllər xeyli miqdarda törədildikdə 8 min manatdan 10 min manatadək miqdarda cərimə edilməklə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Dəyişiklik layihəsində cəzanın cərimə hissəsinin 9 min manatdan 13 min manatadək artırılması təklif edilir.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Satınalma proseduru olmadan dövlət vəsaitlərini xərcləmək qadağan edilir

Milli Məclisdən verilən məlumata görə, Azərbaycan Prezidentinin təqdimatı ilə bununla bağlı Cinayət Məcəlləsinə yeni 308-2-ci (Satınalma prosedurları keçirilmədən dövlət vəsaitlərini xərcləmə və ya dövlət satınalmalarını qanunsuz keçirmə) maddə təklif edilir.
Maddəyə əsasən, satın alınan təşkilat tərəfindən satınalma prosedurları keçirilmədən bağlanılmış müqavilələr əsasında dövlət vəsaitlərini xərcləmə və ya malların (işlərin) satın alınmasını “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq açıq tender üsulu ilə həyata keçirilməli olduğu halda, digər satınalma metodlarından qanunsuz istifadə etmə, bu əməllər xeyli ziyan vurduqda,
– cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək cərimə edilməklə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 2 ilədək müddətə həbs ilə cəzalandırılacaq.
Maddədə o da bildirilir ki, satın alınan təşkilat tərəfindən hər hansı digər satınalma metodlarından istifadə etmək üçün məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə bir büdcə ili ərzində müvafiq xərc maddəsində nəzərdə tutulmuş vəsait hesabına malların (işlərin və xidmətlərin) satın alınmasını ayrı-ayrı müqavilələrə bölmə, bu əməllər xeyli miqdarda ziyan vurduqda,
– cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 3 mislinədək cərimə edilməklə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Maddədə daha bir necə fakt üzrə satınalma keçirilmədən dövlət vəsaitini xərcləmə, köçürmə ilə bağlı cəzalar müəyyənləşir, maliyyə və inzibati sanksiyalar ilə yanaşı müvafiq olaraq 2 ildən 4 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq olunur.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub, martın 7-də müzakirəyə çıxarılacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər