“Hazırda elektron mediaya dövlət tərəfindən maddi dəstəyin verilməsi məsələsi gündəmdədir. Yəqin ki, yaxın gələcəkdə bu məsələ öz həllini tapacaq”.
Bunu Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Milli Məclisdə KİV nümayəndələri ilə keçirilən görüşdə deyib.
O bildirib ki, elektron mediaya dəstək göstərilməsi nəzərdə tutulub:
“Bu məsələ bir neçə dəfə müzakirə olunub. Hətta Prezidentin KİV rəhbərləri ilə görüşündə gündəmə gətirilib. Təbii ki, əgər vəsait ayrılsa, bu, bütün elektron KİV-lərə şamil edilməyəcək. Bu gün saytları hər kəs izləyir. Onların materiallarının 80 faizi bir-birindən köçürmədir və eynidir. Bu cür xəbər portallarının olmasına nə ehtiyac var? Hesab edirəm ki, maddi yardım olanda əsasən xarici dillərdə fəaliyyət göstərən və Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdıran KİV-lər maliyyələşdiriləcək. Ona görə də indidən gücünüzü ona yönəldin. Saysız-hesabsız portallar hər gün yaranır. Elə adam var ki, 10-12 sayt yaradır. Hökumət həmin saytların hamısına dəstək verəcək?! Təbii ki, bunun da xüsusi meyarları olacaq, statuslar müəyyənləşdirilməlidir”.